Rəqəmsal mühitdə uşaqların qorunması dövlət, ailə və cəmiyyətin ortaq məsuliyyətidir - RƏY
sizinxeber.az xəbər saytı

Rəqəmsal mühitdə uşaqların qorunması dövlət, ailə və cəmiyyətin ortaq məsuliyyətidir - RƏY


Rəqəmsal mühitdə uşaqların qorunması dövlət, ailə və cəmiyyətin ortaq məsuliyyətidir.

Bunu "Report"a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin və rəqəmsal texnologiyaların cəmiyyətin inkişafında mühüm rolu, böyük faydaları və praktik əhəmiyyəti olsa da, internet resursları və sosial media bəzi hallarda mənfi nəticələr də doğurur:

"Bu təsirlər xüsusilə uşaqlar və yeniyetmələr arasında daha qabarıq şəkildə özünü göstərir. Bu vəziyyət müəyyən mənada başadüşüləndir. Yeniyetmələr sosiallaşma prosesinin mühüm hissəsini rəqəmsal mühitdə keçirir, dünyagörüşlərini və davranışlarını müəyyən qədər bu platformalar vasitəsilə formalaşdırırlar. Buna görə də sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə təsiri daha ciddi və aktual məsələ kimi qiymətləndirilməlidir".

Sosioloq dünya təcrübəsindən və Azərbaycanda bu barədə atılan addımlardan söz açıb:

"Dünya təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bir çox ölkələrdə hökumətlərlə sosial şəbəkə platformaları arasında əməkdaşlıq qurulur, bu əməkdaşlıq çərçivəsində zərərli, hüquqazidd və əxlaqazidd məzmunların yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Bu yanaşma uşaqların və yeniyetmələrin sağlam sosiallaşmasına müsbət təsir göstərir, onları zərərli informasiyalardan uzaq saxlamağa kömək edir. Mövzu ilə bağlı bir çox ölkələrdə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik mexanizmləri mövcuddur.

Üzeyir Şəfiyev
Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılıb. Kibercinayətkarlıq, kibertəhlükəsizlik, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahələrində qanunvericilik bazası təkmilləşdirilib, həmçinin Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olunub. Bundan başqa, 2025-ci il martın 19-da ölkədə süni intellektlə bağlı milli strategiya qəbul edilib. Uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım isə 2026-cı il fevralın 26-da atılıb. Həmin tarixdə dövlət başçısı tərəfindən uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə zərərli informasiya və məzmunlardan qorunmasına dair sərəncam imzalanıb. Sərəncamda Nazirlər Kabinetinə süni intellekt texnologiyalarından, sosial şəbəkələrdən və internet resurslarından istifadə ilə bağlı məktəbəqədər müəssisələrdə və məktəblərdə yaş məhdudiyyətlərinin tətbiqi, süzgəc mexanizmlərinin hazırlanması, eləcə də rəqəmsal texnologiyalardan təhlükəsiz istifadə mövzularının təhsil proqramlarına daxil edilməsi istiqamətində hüquqi və təşkilati tədbirlərin görülməsi tapşırılıb".

Ü.Şəfiyev atılan addımların məqsədinin uşaqların hüquqlarını məhdudlaşdırmaq və ya onların inkişafına mane olmaq deyil əksinə, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması kimi mexanizmlərin tətbiqi, uşaqların zərərli məzmunlardan qorunması, onların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsi və gələcəkdə bu platformalardan daha məsuliyyətli istifadə etməyə hazırlanması olduğunu bildirib:

"Bu yanaşma dövlətin uşaqların müdafiəsini gücləndirmək və onların gələcəyinə qayğı göstərmək istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqların sağlam inkişafı üçün yalnız dövlət tədbirləri kifayət deyil. Bu prosesdə valideynlərin rolu da mühüm əhəmiyyət daşıyır. Valideynlər övladlarının hansı sosial şəbəkələrdən istifadə etdiyini, hansı məzmunlarla qarşılaşdığını və rəqəmsal mühitdə vaxtlarını necə keçirdiyini bilməli, onlara müvafiq nəzarəti həyata keçirməlidirlər. Bu məsələ yalnız dövlət qurumlarının deyil, ailənin, məktəbin, qeyri-hökumət təşkilatlarının və sosial şəbəkə platformalarının da ortaq məsuliyyətidir. Korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində bütün tərəflərin əməkdaşlığı uşaqlar üçün daha sağlam və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına töhfə verə bilər".

Sosioloq qeyd edib ki, uşaqların zərərli məzmunlardan uzaq tutulması həm onların şəxsi rifahı, həm də ümumilikdə cəmiyyətin maraqları baxımından vacib hesab olunur:

"Xüsusilə nəzərə almaq lazımdır ki, uşaqların saatlarla ekran qarşısında hərəkətsiz qalması, yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşması müəyyən hallarda psixoloji gərginliyə, davranış problemlərinə və müxtəlif mənfi təsirlərə səbəb ola bilir. Bu cür təsirlər qeyri-adi davranışların yaranmasına, zərərli vərdişlərin formalaşmasına, valideynlərə, yaşıdlarına və ətrafdakı insanlara qarşı kobud münasibətə, itaətsizlik hallarına, bəzi ağır hallarda isə daha ciddi nəticələrə yol aça bilər. Bu baxımdan sosial şəbəkə platformalarında süzgəc mexanizmlərinin gücləndirilməsi, zərərli paylaşımların yayılmasının qarşısının alınması və valideyn nəzarətinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Uşaqlar yetkinlik yaşına çatana qədər onların rəqəmsal mühitdə təhlükəsiz fəaliyyət göstərməsinə dəstək verilməsi, daha sonrakı dövrdə isə valideyn nəzarəti və məlumatlı yanaşma ilə sosial şəbəkələrdən istifadə etmələri sağlam rəqəmsal mühitin formalaşmasına xidmət edə bilər".

Ü.Şəfiyev bu cür tədbirlərin uşaqların və yeniyetmələrin sosiallaşması zamanı ortaya çıxan mənfi halların qarşısının alınmasına, informasiya kirliliyinin təsirlərinin azaldılmasına, süni intellekt və digər rəqəmsal texnologiyalardan təhlükəsiz istifadənin təşviqinə imkan yaradacağına əminliyini ifadə edib.

Oxşar xəbərlər

Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Elmin Məmmədov: Bəzi platformalar istifadəçi məxfiliyini təmin etmir
Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək
Dövlət Komitəsi sosial şəbəkələrdə uşaqlarla bağlı videoların yayılmasına münasibət açıqlayıb
Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər