17 
Ara
2023
12:59

Qalib Azərbaycanın qalib Liderinə milyonların sevgisi şəksizdir

17 Ara, 2023
12:59
0

Qalib Azərbaycanın qalib Liderinə milyonların sevgisi şəksizdir

“Dövlət başçısı İlham Əliyevin Sərəncamı il 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Hər bir seçki prosesi ölkədəki ab-havanın təqdimatıdır. Bu baxımdan xalqımız Prezident İlham Əliyevin digər təşəbbüsləri, qəbul etdiyi qərarları kimi, bu mühüm addımı da böyük rəğbətlə qarşıladı. Xalqın qalib Liderinə sonsuz sevgisinin göstəricisi dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi oldu. Cənab İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi kimi təsdiqləndi. Bu, yalnız Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı deyildi. Milyonların sevgisini, istəyini, inamını və etimadını özündə ehtiva edən addım idi. Son 20 ilin uğurları, sözlə əməl birliyi, hər bir vədin uğurla yerinə yetirilməsi, “Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” vədinin konkret əməli işdə təsdiqi, Azərbaycanın dünyaya qalib ölkə kimi təqdimatı, sadalamaqla bitməyən uğurlarımız növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi.  Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi  olan Yeni Azərbaycan Partiyası xalqın istəyini özündə ehtiva edən qərarı ilə Azərbaycanın davamlı inkişafının, tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinin  təmin edilməsi istiqamətində ilk mühüm addımı atdı.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev son 20 ildə ölkəmizdə keçirilən 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsi ilə xalqın etimadını qazanan Lider olduğunu təsdiqləyib: “Hər bir prezident seçkiləri ötən dövrdə görülən işlərin hesabatı kimi dəyərləndirilir. Cənab İlham Əliyev prezident seçkilərinə qatıldığı hədəfləri, eyni zamanda, andiçmə mərasimində qarşıdakı dövrlə bağlı anonsunu verdiyi islahatları çox qısa zamanda həyata keçirir, Azərbaycanın hər gününü tarixinə möhtəşəm uğur səhifəsi kimi yazıb. Son 20 ilin hesabatı hər birimizdə böyük qürur hissi yaradır. Azərbaycan xalqı bu gün xoşbəxtliyi, yenilməzliyi, məğrurluğu ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev uğurlu, düşünülmüş və gələcəyə xidmət edən, tarixi ədaləti, beynəlxalq hüququ özündə əks etdirən siyasəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, hər zaman çıxışlarının sonunda böyük əminliklə söylədiyi “Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil” çağırışını reallığa çevirdi. Bugünümüzün çağırışı isə budur ki,  tezliklə işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri başa çatacaq və  soydaşlarımız tam tərkibdə öz dogma yurd-yuvalarına qayıdacaqlar.”

Millət vəkili bildirib ki, 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini cəmiyyətə çatdıran cənab İlham Əliyev  artıq o dövrdə həm ölkə daxili, həm geosiyasi, həm də qlobal müstəvidə mövcud çağırışları aydın görür, xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu bilirdi: “Prezident İlham Əliyevin  20 illik fəaliyyətinin təhlili onu göstərir ki, həmişə  dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanıb. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin üzvi bağlılığının məntiqi nəticəsi oldu.”

Malik Həsənov vurğulayıb ki, xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək gələcəyə daha böyük inamla addımlayır: “Xalqa arxalanan, hər bir addımında dövlətinin, xalqının gələcəyini düşünən, vətəndaş məmnunluğunun prioritetliyini açıqlayan və bunu əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev yalnız dünya azərbaycanlılarının deyil, bütün türk dünyasının birliyini təmin edən, davamlı töhfələri ilə diqqətdə olan Liderdir. Türk dünyasını böyük ailə kimi dəyərləndirərək bu birliyin, həmrəyliyin vacibliyini hər bir addımı ilə təsdiqləyir. Onun sözü də imzası qədər dəyərlidir. Cənab İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Onun “Güclü xalq, güclü dövlət, güclü lider” modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir.”

Millət vəkili bildirib ki, 20 ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Xalqımız 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində fəal iştirakı ilə bu uğurların davamına səs verəcək, Azərbaycanın davamlı inkişafına dəstək olacaq. Qalib Azərbaycanın qalib Liderinin seçkilərdə yenidən qələbəsi şəksizdir.

Bizimlə əlaqə saxlayın