Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ona təzyiqlər göstərdiyini bildirib və məsələnin pərdəarxasını danışıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
X.Hidayətqızı Mehdiyevlə qarşıdurmasının 1999-2000-ci illərdən başladığını, 2005-ci il parlament seçkisində isə bu mübarizənin daha təhlükəli xarakter aldığını iddia edir.
Həmin yazını təqdim edirik:
"Hə, dostlar… Bu gün sizi illər öncəyə - 2005-ci ilə aparacağam. Bəlkə də, deyəcəksiniz "Gecikmisən!" Yox, mən gecikmədim. Sadəcə, vaxtını gözlədim. Ta ki, həqiqətin üzə çıxdığı, məhkəmənin qərarını verdiyi günə qədər. Və bu gün - məhz o gündür. Ramiz Mehdiyevin bu gününü səbirsizliklə gözləmişəm, yalan nə deyim? Onun iç üzü açılanda bu yazını yazacaqdım. Ancaq gördüm ki, vaxtilə ona "ata", "ağsaqqal", "rəhbər" deyib əl-ayağını öpənlər "Boz kardinal"ın əleyhinə elə yazılar yazdılar ki, mənim sözlərim onların arasında itib-batacaqdı. Ona görə də məhkəmənin qərarını gözlədim. Ramiz Mehdiyev… O məşhur "Boz kardinal"! 14 il həbs cəzası, milyardlarla sərvətin müsadirəsi… 1999-2000-ci illər…
İlk savaşım 1999-2000-ci illərdə başladı. Mehdiyevin qoruduğu, milyardlar qazandırdığı birindən müsahibə almışdıq. Mehdiyev məndən tələb edirdi ki, müsahibəni guya özümüzün uydurduğumuzu deyim. Etiraz etdim. Axşam nazirin köməkçisi ofisimə gəldi. Natəvanın heykəlinə yaxın küçələrdən birində mənə birotaqlı ev təklif edirdi ki, müsahibəni əməkdaşımızın özünün yazdığını deyim. Belə olsaydı, bütün məsuliyyət həmin əməkdaşın üzərinə düşəcəkdi. Gerisinin necə olacağını isə özünüz bilirsiniz… Yenə "yox" dedim. Səhəri gün o vaxtkı mətbuat naziri Siruz Təbrizli məni nazirliyə çağırdı. Əvvəl çığırıb-bağırdı, sonra təkliflər yağışı başladı. Qəzeti bağlamağım müqabilində yeni adda qəzet, təzə kompüterlər və üstəlik, 20 min dollar təklif olunurdu. Cavabım qəti idi: "Mümkün deyil! Bu, olmayacaq!" Məhkəməyə verildim. Uzun mübarizə apardıq. Nazirliyin qarşısında qələm qırma aksiyasına qədər getdik. Nəhayət, məhkəmədə qalib gəldik.
119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. İnsanlarla birbaşa ünsiyyətə əsaslanan, səmimi təbliğat kampaniyasına başladım. Ağdamın kəndlərini qarış-qarış gəzdiyimi, hər evdə insanlarla görüşdüyümü o prosesdə iştirak edənlər yaxşı xatırlayırlar. Qadınları görüşlərə cəlb etmək, cəbhə bölgəsindəki kəndlərə gecə-gündüz getmək, insanların inamını qazanmaq asan deyildi. Amma bacardım. Və bir gün… O vaxt Ağdamın icra başçısı olan, Ramiz Mehdiyevin ən yaxın adamlarından sayılan Həsən Sarıyev məni yanına çağırdı. "Bu dairədən getməlisən. Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin" dedi. Mən sakitcə cavab verdim: "Bu, demokratik seçkidir. Qoy seçici qərar versin. Mən də, Bəxtiyar da mübarizə aparaq. Kim layiqdirsə, o da qazansın". Sarıyev məndən Aqil Abbasın dairəsinə keçməyimi istədi və Mehdiyevin məni oradan seçdirəcəyinə söz verdiyini bildirdi. Yenə "yox" dedim. Üstəlik, Aqil Abbasla namizədliyimizi irəli sürməzdən əvvəl görüşüb dairələrimizi razılaşdırmışdıq. Sarıyev gördü ki, fikrimdən dönən deyiləm. Beləcə, açıq mübarizə başladı. Qaradağlı, Sarıcalı və Əfətli kəndlərinə getməyimə mane olurdu. Son görüşümüzdə həmin kəndlərə niyə getdiyimi soruşdu. O kəndlərdə yaşayanların da mənim seçicilərim olduğunu xatırladanda belə cavab verdi: "O kəndlərin adamları prezident seçkisində qutuları yandırıblar".
Onların dediklərinə görə, prezident seçkisi zamanı qutuların yandırılması da Sarıyev-Mehdiyev oyununun bir hissəsi olmuşdu. İctimai Televiziyada çıxışım zamanı həmin kəndlərin insanlarının Prezidentə sevgisini, inamını vurğuladım, mesajlarını efirdən ona çatdırdım. Bu çıxışdan sonra Ramiz Mehdiyevin mənə münasibəti daha da sərtləşdi. Haqqımda yalan məlumatlar və böhtanlar yayılmağa başladı. Hətta yazıq anamın erməni olması barədə şayiələr uydururdular. Görüşlərimə pul verilmiş, əvvəlcədən öyrədilmiş qadınlar göndərilir, ən çirkin iftiralar yayılırdı. Mehdiyevin üsulu belə idi…
İş o yerə çatmışdı ki, məni avtomobil qəzasına salmaq üçün plan qurulduğunu da öyrəndim. Xəbəri iki gün əvvəl almışdım. Komandamda Sarıyevin pulla ələ aldığı adamlardan biri vardı. Kim olduğunu bilsək də, onu komandadan uzaqlaşdırmırdım. Həmin gün gedəcəyim ünvan barədə ona yanlış məlumat verdim və başqa yolla getdim. Beləcə, qəzadan xilas oldum. Mehdiyev özündən çıxmışdı. Müşavirələrdə mənə qarşı açıq-aşkar kin püskürürdü. Həmin gizli müşavirələrin birində iştirak edən şəxs "Gənc qadınsan, çəkil bu mübarizədən. Sən bu adamı tanımırsan. Həyatını puç etmə!" dedi. Amma seçkiyə günlər qalmışdı. Artıq geriyə yol yox idi…
Səsverməyə bir gün qalmış məni Bakı Apellyasiya Məhkəməsinə çağırdılar. Guya, şikayət vardı. Bakıya qayıtdım. Məhkəmənin qarşısında məni gözləyən onlarla seçicimi, zalda isə Sarıyevin əlaltılarını gördüm. Onlardan birinin adı Eldar idi. Üzümə baxıb dedi: "Dünən gecə saat 2-də mənə 15 manat verdin ki, sənə səs verim." Dəhşətli an idi… Hakim çarəsiz görünürdü. Heç nə demədim, zalı sakitcə tərk etdim. Çünki qərarın əvvəlcədən verildiyi aydın idi.
Təəssüf ki, o vəzifədən gedəndən sonra da onun vaxtında işə götürdüyü və bu gün də orada çalışan bir-iki nəfər Mehdiyevin tapşırıqlarından çıxa bilmir. Hələ də adımı media ilə bağlı keçirilən tədbirlərin siyahısına yazmırlar. Yəqin, Mehdiyevin yenidən zühur edəcəyinə inanırlar. İllərlə Mehdiyevin bir gün gedəcəyini, mənim də aydınlığa çıxacağımı gözlədim. Bir də baxdım ki, 25 yaşından arzularla yaşayan bəndəniz artıq 50-ni keçib…
Gec də olsa, Mehdiyev yaşatdığını yaşayır. Ən ağırı isə bütün bunları ömrünün bu çağında yaşamasıdır. Mal-mülk naminə neçə-neçə insanın arzularını, xəyallarını məhv etdi, insanları küsdürdü, həyatları dağıtdı. Düzdür, min bir xainliklə qazandığı milyonlar əlindən çıxdı. Ailəsinə qoyduğu miras isə Vətən xaini adıdır!
Ramiz Mehdiyevin həyatı hər kəs üçün dərs olmalıdır. Vətəninə, işlədiyi insana xəyanət edənlər, vəzifəsinə, puluna, imtiyazına güvənərək başqalarını əzənlər, ləkələyənlər, əməyini heçə sayanlar, günahsız insanların yolunu kəsənlər bilməlidirlər ki, bu dünyada hər kəs yaşatdığını bir gün yaşayır. Ramiz Mehdiyev kimi… Çalışın, haqqınızda yaxşı danışsınlar, haqqınızda yaxşı yazılar yazılsın. Çünki insanın arxasında qoyduğu ən böyük sərvət onun təmiz adıdır. Bu da hər kəsə nəsib olmur! Mehdiyev kimi!"