Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
“Sizinxeber.Az” xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) (bundan sonra – sahilboyu ərazi) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) həvalə edilib.
Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 (qırx) ştat vahidi artırılıb.
Nazirlər Kabineti altı ay müddətində İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla, aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyən edilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi, sahilboyu ərazidə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət sahələrində dövlət orqanlarının (qurumlarının) idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin sahilboyu ərazinin kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Qanununun tələbləri nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməli, sahilboyu ərazidə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə (icarəyə) verilməsinin Xidmət tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmanın icrasından irəli gələn tədbirlərin (müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri) həyata keçirilməsi, Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.