ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına "USS Theodore Roosevelt" nüvə aviadaşıyıcısı daxil olub.
Sizinxeber.Az xəbər verir ki, bu barədə ABŞ-nin rəsmi nümayəndəsinə istinadən "Axios" portalının müxbiri Barak Ravid məlumat yayıb.
Bu gəminin bölgəyə gəlişi ilə İranın cənub-şərq istiqamətində Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus üç aviadaşıyıcı zərbə qrupu cəmləşib.
Qeyd olunur ki, İranla artıq yeddi aydan çoxdur davam edən müharibə fonunda bu fakt ABŞ-nin hərbi-dəniz iştirakının qeyri-adi dərəcədə yüksək səviyyəsindən xəbər verir. Yeni gələn üçüncü qrupun tərkibinə aviadaşıyıcıdan əlavə "USS Chosin" raket kreyseri, "USS Paul Hamilton" və "USS Decatur" esminesləri, habelə "Seahawk" orta pilotsuz gəmisi (MUSV) daxildir. Sonuncu gəmi erkən xəbərdarlıq, sualtı və suüstü vəziyyətə nəzarət, həmçinin radioelektron kəşfiyyat tapşırıqlarını icra etmək üçün nəzərdə tutulub. Hazırda İranın cənub-şərqində, Ərəbistan dənizi hövzəsində "USS George Washington" və "USS George Bush" aviadaşıyıcıları döyüş növbətçiliyindədir. Onların hər birində 48 qırıcı təyyarə yerləşir. Bu gəmilərlə yanaşı, İranın yaxınlığında 11 raket esminesi, bir kreyser və "USS Miguel Keith" ekspedisiya dəniz bazası mövqe tutub. Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələrinin daha dörd esminesi Aralıq dənizinin şərqində, ikisi isə Qırmızı dənizdədir.
ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına əsasən, "USS Theodore Roosevelt"in avqustun 19-dan etibarən Yaxın Şərqdə olan "USS George Washington" aviadaşıyıcısını əvəz edəcəyi gözlənilir. Birləşmiş Ştatların regionda eyni vaxtda üç aviadaşıyıcı qrupunun fəaliyyətini hansı müddətdə qoruyub saxlayacağı hələlik məlum deyil.