Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpiklə hesablanır.

Əhalinin işıq limitləri isə belədir: aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün hər kilovat-saata görə 8,4 qəpik, 200 kVts-dan 300 kVts-a qədər bir kilovat-saata görə 10 qəpik, 300 kVts-dan yuxarı bir kilovat-saata görə 15 qəpik müəyyən edilib.

Sizinxeber.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında qaz və işıq tariflərinə yenidən baxılmasına ehtiyac olduğunu bildirib.

Deputatın sözlərinə görə, təbii qazla bağlı təkliflərdən biri məhz dağlıq rayonlar üçün limitlərin tənzimlənməsidir:

"Mənim komitə iclaslarında səsləndirdiyim təkliflərdən biri də məhz qaz limitlərinə yenidən baxılması, xüsusilə də dağlıq rayonlarda limitlərin dəyişdirilməsi və təbii qazın daha ucuz tariflərlə verilməsidir. Qış mövsümünün başlaması ilə əlaqədar olaraq dağlıq rayonlarda yaşayan sakinlər istilik ehtiyaclarını ödəmək üçün təbii qazdan daha çox istifadə edirlər. Nəzərə almalıyıq ki, soyuqların sərtləşməsi ilə bağlı dağlıq rayonlardakı vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, bu da onların xərclərinin artmasına səbəb olur. O baxımdan limitlərin yenidən nəzərdən keçirilməsi və daha ucuz tariflərin tətbiq olunması vacibdir ki, bu da vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxara bilsin".

Vüqar Bayramov qeyd edib ki, elektrik enerjisi ilə bağlı da oxşar praktikanın tətbiqinə ehtiyac var. Eyni zamanda, beynəlxalq təcrübədə istifadə olunan gecə və gündüz limitlərinin tətbiq edilməsi də gündəmdə olmalıdır:

"Əksər ölkələrdə gecələr elektrik enerjisi ilə bağlı tariflər aşağı olur. Bu da xüsusilə özəl sektorun və real sektorun həmin enerjidən daha ucuz qiymətə istifadə etməsinə və onların istehsal etdikləri məhsulların xərcinin azalmasına səbəb olur. Bizim təklifimiz diferensial yanaşmadır: təbii qaz üzrə bölgələrimizdə aşağı qiymətlə qaz təklifinin artırılması, elektrik enerjisi üzrə isə əksər Avropa ölkələrində tətbiq edilən gecə və gündüz limitlərinin tətbiq edilməsi. Nəzərə alsaq ki, elektrik enerjisindən həm də biznes və iş adamları daha çox istifadə edirlər, onda bu limitlərin tətbiqi iş adamlarının xərclərini azalda bilər".

Deputat əlavə edib ki, bu məsələlər artıq komitə iclaslarında səsləndirilib:

“Müvafiq dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bununla bağlı qərarın verilməsi mümkündür”.