"Daxili bazarın həcmi nəzərə alınmaqla, ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifədir".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı qeyd edib.

O bildirib ki, əmtəə ixracı subsidiyalar və digər dəstək alətləri vasitəsilə artıq fəal təşviq edilir:

"Bu sahədə əsas prioritet yerli resurslara əsaslanan sənaye sahələridir: metallurgiya, kimya, əczaçılıq, qida emalı, pambıq emalı və toxuculuq. Təsadüfi deyil ki, 2026-cı ildə qəbul edilən üç Dövlət Proqramında (kənd təsərrüfatı, turizm, dağ-mədən və metallurgiya sahələri) bu sahələrin bir çoxu əhatə edilir. Xidmətlər ixracı böyük potensiala malikdir. Belə ki, beynəlxalq təşkilatların hesablamalarına görə, yuxarı-ortagəlirli ölkələrlə müqayisədə xidmətlər ixracının ÜDM-ə nisbətinin yüksəlməsi imkanları böyükdür. Söhbət nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, işgüzar xidmətlər, informasiya texnologiyaları və data mərkəzlərindən gedir. Xidmətlər ixracının genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla birgə diaqnostika aparılır. Bu istiqamət aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən sahə siyasətləri ilə sıx əlaqəlidir".