Rusiya, ABŞ və Çin bu ölkələrin liderləri arasında keçiriləcək görüş üçün əvvəlcədən təyin olunmuş gündəlikdən imtina etmək qərarına gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti danışıqların təşkilinə yaxın olan mənbəyə istinadən məlumat yayıb.

Mətbuat nümayəndələri həmin addımı Si Cinpin üçün qeyri-adi adlandırıblar, çünki o, adətən xarici dövlət başçıları ilə dialoq zamanı əvvəlcədən yazılmış varianta üstünlük verir. Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, Tramp həmkarları ilə nüvə silahlarına nəzarət və onların yayılması məsələsini nəzərdən keçirməyi planlaşdırır. Bununla belə, mənbə vurğulayıb ki, o, hər hansı bir saziş imzalamaq deyil, sadəcə olaraq dialoqa başlamaq niyyətindədir.

"Reuters" agentliyinin məlumatına əsasən, Putin, Tramp və Si Cinpinin görüşündə Ukrayna mövzusu yer almayacaq.

Bildirilir ki, Çin adıçəkilən məsələnin sammitin gündəliyinə daxil edilməsinin əleyhinə çıxıb. Pekin hesab edir ki, problem birbaşa Moskva ilə Vaşinqton arasında həll olunmalıdır.

Qeyd edək ki, dövlət başçılarının görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutmalıdır.