Avropa Azərbaycan Məktəbində süni intellektlə bağlı tədbir keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Avropa Azərbaycan Məktəbində süni intellektlə bağlı tədbir keçirilib - FOTO


Avropa Azərbaycan Məktəbində süni intellektlə bağlı tədbir keçirilib.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən xəbərə görə, Bakcell şirkətinin baş sponsorluğu ilə baş tutan, 18-dən çox ölkədən 370-dən artıq iştirakçının qatıldığı AI konfransı şəbəkələşmə, bilik mübadiləsi və mənalı müzakirələr üçün dinamik mühit yaradıb.

Gün ərzində iştirakçılar ekspertlərlə əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, həmçinin təhsildə süni intellektin ən son strategiyaları, trendləri və praktik tətbiqləri ilə tanış olmaq imkanı əldə ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanların əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tədbirin əhəmiyyətindən, eləcə də süni intellektin təhsil və digər sahələrə inteqrasiyasının yaratdığı yeni imkanlardan bəhs edib. O, AI texnologiyalarının tədris proseslərinin transformasiyasında, innovasiyaların təşviqində və müxtəlif sahələrdə səmərəliliyin artırılmasında oynadığı rolu vurğulayaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində rəqəmsallaşma və informasiyalaşdırma istiqamətində həyata keçirilən layihələr, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də ümumtəhsil məktəblərində tətbiq olunan innovativ həllər barədə ətraflı təqdimatla çıxış edib. O, nazirliyin təhsil sisteminin müasirləşdirilməsi və rəqəmsal transformasiyanın genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verib.

Azerconnect Qrupun Mobil Biznes üzrə Baş direktor müavini Müşfiq Əliyev tədbirin əhəmiyyətindən və süni intellektin korporativ mühitdə yaratdığı dəyərdən danışıb. O, süni intellekt texnologiyalarının biznes proseslərinin optimallaşdırılmasında, qərarvermənin təkmilləşdirilməsində və operativ səmərəliliyin artırılmasında rolunu vurğulayıb. Eyni zamanda, bu texnologiyalardan daha effektiv və məsuliyyətli istifadə yolları barədə fikirlərini bölüşərək, təşkilatların rəqəmsal transformasiya dövründə uyğunlaşmasının vacibliyini bildirib.

Daha sonra Eblana Learning platformasının həmtəsisçisi Rachel Bodily “Süni intellektin dönüş nöqtəsində təhsilə liderlik” mövzusunda təqdimatla çıxış edib. O, süni intellektin təhsil sahəsində yaratdığı yeni imkanlardan, liderlərin bu sürətli transformasiya dövründə üzləşdiyi çağırışlardan və təhsil müəssisələrinin dəyişən tələblərə uyğunlaşmasının vacibliyini vurğulayıb.

Konfrans müxtəlif mövzulara həsr edilmiş sessiyalarla davam etdirilib.

Sonda “Süni İntellekt İnqilabı: Fürsətlər, Risklər və Məsuliyyət” mövzusunda panel müzakirəsi keçirilib. Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankininin moderatorluğu ilə keçirilən panel diskussiyasında Eblana Learning platformasının həmtəsisçisi Rachel Bodily, Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar direktoru Aysel Süleymanova, Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti Asif Cahangirov, Sabah Habda İT Komanda Rəhbəri Orxan Əliyev və AzInTelecom LLC şirkətinin İnformasiya Texnologiyaları Departamentinin Texniki Yardım Mərkəzinin rəhbəri Rəvan Rüstəmov təqdim olunan suallar haqqında ətraflı fikirlərini bildiriblər.

Tədbirdə Avropa Azərbaycan Məktəbi şagirdlərinin ifasında rəngli musiqi nömrələri təqdim edilib.

Oxşar xəbərlər

Avropa Azərbaycan Məktəbində Zəfər Günü qeyd edilib
AAM-də Bakı Slavyan Universitetinin tələbələri üçün təlim keçirilib - FOTO
Avropa Azərbaycan Məktəbində Azərbaycan - İtaliya dostluğuna həsr olunmuş tədbir keçirilib
Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər