Laçında növbəti əmək yarmarkası keçirilib
sizinxeber.az xəbər saytı

Laçında növbəti əmək yarmarkası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bu tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi önəm verildiyi, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə işəgötürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi qeyd olunub.

Əmək yarmarkasında 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-dək vakansiya təqdim olunub.

Tədbirdə iştirak edən işsiz və işaxtaran şəxslərə vakansiyalar barədə ətraflı məlumat verilib, onların uyğun işlərə yönləndirilməsi həyata keçirilib. Bununla yanaşı, vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də məlumatlar verilib.

Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslər Mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə məlumatlandırılıb.

Oxşar xəbərlər

Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər