52 ailə Ağdərənin Vəngli və Kolatağ kəndlərinə köçürüləcək
sizinxeber.az xəbər saytı

52 ailə Ağdərənin Vəngli və Kolatağ kəndlərinə köçürüləcək


Ağdərə sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.

Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçürüləcək 52 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

Oxşar xəbərlər

Həsənriz kəndinə köçürülən ailələr mina təhlükəsi ilə bağlı maarifləndirilib
Köçkünlər üçün imtiyazların və “çörək pulu”nun hansı müddətədək davam edəcəyinə aydınlıq gətirilib - EKSKLÜZİV
Laçınım mənim... - VİDEO
Ağdamda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Ağalı kəndindən VİDEOÇARX

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər