Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir


Forumda Azərbaycanın investisiya mühiti, prioritet sahələr üzrə imkanlar, kapital axınları, daşınmaz əmlak bazarı və yaşıl enerji keçidi üzrə perspektivlər müzakirə olunub.

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə İnvestisiya Perspektivləri Forumu öz işinə başlayıb. İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə keçirilən tədbirə dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının və çoxtərəfli inkişaf banklarının nümayəndələri qatılıb.

İqtisadiyyat naziri, İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri Mikayıl Cabbarov Forumun açılış mərasimində çıxış edərək, Azərbaycanın bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etməsinin ölkənin çoxtərəfli əməkdaşlığa, üzv dövlətləri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayıb. İllik Toplantılar çərçivəsində keçiriləcək müzakirələr, ikitərəfli görüşlər və müxtəlif tədbirlərin Azərbaycanın İslam maliyyə institutları ilə tərəfdaşlığının daha da güclənməsinə təkan verəcəyi qeyd edilib.

İnvestisiya Perspektivləri Forumunun Azərbaycanın sərmayə potensialının və strateji layihələrinin beynəlxalq investorlar və maliyyə institutlarına təqdim olunması, yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm platforma olduğu diqqətə çatdırılıb. Ölkəmizdəki mövcud makroiqtisadi sabitlik, əlverişli biznes mühiti barədə məlumat verilib. Strateji bağlantılar, rəqəmsal transformasiya və insan kapitalı Azərbaycanın investisiya cəlbediciliyini daha da artıran əsas amillər kimi qeyd olunub.

Forum “Azərbaycanda və regionda kapital, artım və imkanlar”, “Daşınmaz əmlak sahəsində investisiya imkanları”, “Azərbaycanın yaşıl keçidinin gücləndirilməsi: perspektivli investisiya imkanı kimi bərpa olunan enerji” mövzusunda panel sessiyalarla davam edir. Sessiyalarda Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında formalaşan investisiya tendensiyaları, kapital axınları, prioritet sektorlar, Azərbaycanın şəhərsalma və infrastruktur layihələri, yaşayış, kommersiya və turizm təyinatlı aktivlər üzrə investisiya imkanları, eləcə də ölkəmizin bərpa olunan enerji gündəliyi, yaşıl maliyyələşmə alətləri, risklərin azaldılması mexanizmləri və regional enerji ixracı imkanları müzakirə ediləcək.

Xatırladaq ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları öz işinə başlayıb. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş mötəbər tədbirdə Qrupa üzv ölkələrin rəhbər şəxsləri, dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir. İyunun 19-na kimi davam edəcək İllik Toplantılar iqtisadi əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf prioritetləri üzrə müzakirələrlə davam edəcək.

Oxşar xəbərlər

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
İB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün Anlaşma Memorandumu imzalanıb
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər