
BFB: Real sektora aid olan şirkətlərin listinqi əsas prioritetlər sırasındadır

BFB: Real sektora aid olan şirkətlərin listinqi əsas prioritetlər sırasındadır
"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycanda kapital bazarının inkişafına yönəlmiş yeddi yeni strateji təşəbbüs təqdim edib.
"Report" xəbər verir ki, bu barədə BFB-nin İdarə Heyətinin sədr müavini Oktay Qasımov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda təqdimat zamanı bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslərdən dördü səhm bazarına, üçü isə istiqraz bazarına aiddir: "Strategiyanı hazırlayarkən belə qənaətə gəldik ki, kapital bazarının davamlı inkişafı bütün iştirakçıların vahid platformada birləşməsini tələb edir. Bakı Fond Birjası belə bir məkanın təmin edilməsində mühüm rol oynayır. Bizim əsas məqsədimiz investorlar üçün şəffaf, etibarlı və rahat ticarət mühiti yaratmaqdır".
O.Qasımov vurğulayıb ki, BFB ticarət infrastrukturunu təkmilləşdirməyə davam edir, likvidliyi artırır və bazar iştirakçılarının fəaliyyəti üçün yeni imkanlar yaradır:
"2020-ci ildən bəri həm kütləvi təkliflərin sayında, həm də qiymətli kağızların emissiya həcmində davamlı artım müşahidə edirik. Ən aktiv seqmentlər arasında repo əməliyyatları və dövlət qiymətli kağızları var. Real sektora aid olan şirkətlərinin listinqi vacib istiqamət olaraq qalır. Son dörd ildə burada əhəmiyyətli irəliləyiş əldə edilib. Bazar daha çox maliyyə alətləri təklif etməyə başlayıb. Bununla yanaşı, müxtəlif kateqoriyalı investorlar üçün cəlbedici investisiya imkanları yaradılır".
Sədr müavini, həmçinin qeyd edib ki, BFB Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin fond birjaları ilə əməkdaşlıq edir: “Bu isə perspektivdə investorların beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq. Oxşar iqtisadi quruluşa malik ölkələrin makroiqtisadi göstəricilərinə nəzər salsaq onların kapital bazarlarının dərinliyinin əhəmiyyətli dərəcədə yüksək olduğunu görə bilərik. Bu isə Azərbaycanda inkişaf potensialının hələ də böyük olduğunu göstərir".