EIB Azərbaycana investisiyaların həcmini açıqlayıb
sizinxeber.az xəbər saytı

EIB Azərbaycana investisiyaların həcmini açıqlayıb


Avropa İnvestisiya Bankının (EIB) Azərbaycana investisiyalarının ümumi həcmi təxminən 80 milyon avro təşkil edir.

Bu barədə “Report”a EIB-dən məlumat verilib.

Bankdan xatırladıblar ki, 2024-cü ilin dekabr ayında “EIB Global” dövlət xidmətlərinin rəqəmsal infrastrukturunun inkişafı üçün 43 milyon avro məbləğində kredit sazişi imzalayıb.

"Bu kredit “EIB Global”ın Azərbaycanın dövlət sektoruna ayırdığı ilk kreditdir. Vəsait “AzInTelecom” dövlət şirkətinə iki müasir data mərkəzinin tikintisi üçün ayrılıb. Layihə dövlət məlumatlarının və xidmətlərinin daha təhlükəsiz, sürətli və əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Planlaşdırılan data mərkəzləri bulud xidmətləri təqdim edəcək. Bundan başqa, EIB Azərbaycanda dəmir yolu nəqliyyatının təhlükəsizliyinin və etibarlılığının artırılmasına dəstək üzrə 10 aylıq işi tamamlayıb", - bankdan bildirilib.

Qeyd olunub ki, EIB Azərbaycanın yaşıl keçidinə dəstəklə yanaşı, ötən il ölkədə mikro, kiçik və orta müəssisələrə dəstək məqsədilə “Bank Respublika” ilə 10 milyon avro məbləğində kredit sazişi imzalayıb.

"Artıq tam həcmdə istifadə edilmiş bu kredit kiçik biznesə həm də milli valyutada güzəştli maliyyələşdirmə təqdim edərək maliyyə inklüzivliyinə töhfə verir, investisiyaları, iqtisadi artımı və iş yerlərinin yaradılmasını stimullaşdırır. Biz müvafiq maraqlı tərəflərlə aktiv dialoqdayıq və ölkədə Aİ siyasətinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırırıq", - bankdan vurğulayıblar.

Avropa İnvestisiya Bankı Avropa İttifaqının (Aİ) üzv dövlətlərinə məxsus olan və uzunmüddətli kreditlər verən qurumdur. Bank Aİ-nin siyasət məqsədlərinə töhfə verən etibarlı investisiya layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli kreditlər təqdim edir. Əsas dəstək istiqamətlərinə infrastruktur, innovasiyalar, iqlim və ətraf mühitin mühafizəsi, həmçinin kiçik və orta biznesin inkişafı daxildir.

“EIB Global” EIB Qrupunun beynəlxalq tərəfdaşlıq və dayanıqlı inkişafın maliyyələşdirilməsi ilə məşğul olan ixtisaslaşmış qoludur. O, Avropa İttifaqının üç əsas prioritetinin həyata keçirilməsinə töhfə verir: "Avropa Yaşıl Kursu", "Global Gateway" təşəbbüsü və iş yerlərinin yaradılması, həmçinin dayanıqlı və inklüziv iqtisadi inkişafı dəstəkləyir.

“EIB Global”ın Azərbaycandakı prioritetlərinə enerji mənbələrinin şaxələndirilməsi daxildir.

Oxşar xəbərlər

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb
EIB Azərbaycanın "yaşıl iqtisadiyyat”a keçidini dəstəkləməyə hazırdır
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Fransa İnkişaf Agentliyi Ermənistana 75 milyon avro kredit ayıracaq
“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər