EIB Azərbaycanın "yaşıl iqtisadiyyat”a keçidini dəstəkləməyə hazırdır
sizinxeber.az xəbər saytı

EIB Azərbaycanın "yaşıl iqtisadiyyat”a keçidini dəstəkləməyə hazırdır


Avropa İnvestisiya Bankı (EIB) Avropa İttifaqının (Aİ) İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanın dayanıqlı inkişafına yardım etməyə hazırdır.

Bu barədə “Report”a bankdan məlumat verilib.

"Plana uyğun olaraq, EIB ölkənin "yaşıl iqtisadiyyat”a keçidini dəstəkləməyə hazırdır. Prioritetlərimizə “təmiz enerji”yə, dayanıqlı nəqliyyata, rəqəmsallaşmaya, eləcə də kiçik və orta müəssisələr üçün maliyyələşdirməyə çıxışın genişləndirilməsinə investisiyaların yatırılması daxildir. Tələblərə əsaslanan bir qurum olaraq, biz Aİ siyasətinə və standartlarımıza uyğun layihələri dəstəkləmək imkanlarını nəzərdən keçirməyə hazırıq", - EIB-dən bildirilib.

Bank qeyd edib ki, “EIB Global”ın ixtisaslaşmış bölməsi əməkdaşlığın perspektivli istiqamətlərini müəyyən etmək üçün Azərbaycan tərəfdaşları ilə müntəzəm məsləhətləşmələr aparır.

"EIB - ittifaqın üzv dövlətlərinə məxsus olan Aİ-nin maliyyə qurumudur. Bank təşkilatın əsas məqsədlərinə - infrastrukturun inkişafı, innovasiyalar, ətraf mühitin qorunması və kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş investisiya layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli kreditlər təqdim edir", - bankdan vurğulanıb.

“EIB Global”ın bölməsi beynəlxalq fəaliyyət və dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün məsuliyyət daşıyır. Bu mexanizm, Aİ-nin üç prioritet təşəbbüsünün - Avropa Yaşıl Kursu, "Global Gateway" xarici iqtisadi strategiyası, məşğulluq və inklüziv artımın dəstəklənməsinin həyata keçirilməsinə kömək edir.

Bankdan bildirilib ki, Azərbaycanda qarşılıqlı fəaliyyətin əsas istiqamətləri enerjinin şaxələndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və daha dayanıqlı iqtisadi modellərə keçid sahəsindəki layihələr olaraq qalır.

Oxşar xəbərlər

Türk İnvestisiya Fondu Orta Dəhlizin inkişafı üçün layihələri maliyyələşdirəcək
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
ABA: Sektor aşağı karbonlu iqtisadiyyata keçidi dəstəkləməyə tam sadiqdir
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb
Qırğızıstanlı nazir: "Azərbaycanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləməyə hazırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər