Mərkəzi  Bank: Özəl pensiya sisteminin qurulması üzrə qanun layihəsi üzərində işlər davam etdirilir
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank: Özəl pensiya sisteminin qurulması üzrə qanun layihəsi üzərində işlər davam etdirilir


Özəl pensiya sisteminin qurulması üzrə qanun layihəsi üzərində işlər davam etdirilir.

Bu barədə Sizinxeber.az-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb.

Həmçinin bildirilib ki, ölkədə effektiv qeyri-dövlət pensiya sisteminin qurulması və işlərin operativ qaydada aparılmasının təmin edilməsi məqsədilə Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr aparılmaqdadır. Eyni zamanda, yuxarıda qeyd olunan məqsədə nail olunmasına töhfə vermək üçün dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri də qarşılıqlı fəaliyyət göstərirlər.

Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, o cümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

“Özəl pensiya fondlarının qurulması ölkədə investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir.

Hazırda bençmark sayılan ölkələrin təcrübələri əsasında ən effektiv idarəetmə mexanizmləri və tənzimləmə istiqamətləri təhlil edilir. Fondların maliyyə sabitliyinin təmin edilməsi istiqamətində tənzimləmələrin gətirilməsi, həmçinin vətəndaşların özəl pensiya fondlarına marağının artırılması, vətəndaş müraciətlərinə dair qanunvericiliyin təkmilləşdirilməsi və investisiyaların qorunması kimi məsələlərə xüsusi diqqət mərkəzində olacaqdır” - Mərkəzi Bankdan bildirilib.

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları AÇIQLADI
Özəl pensiya sisteminin necə işləyəcəyi məlum olub - Detallar
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq - EKSKLÜZİV
Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
İyul ayı ərzində 23 mindən çox pensiya, müavinət təyinatı proaktiv qaydada aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər