
Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib

Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib
Bakı Enerji Həftəsi energetika sahəsində nailiyyətləri nümayiş etdirmək üçün nüfuzlu platformaya çevrilib.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman enerji sahəsində yeniliklərə imza atan ölkə olub:
“Azərbaycanın liderliyi ilə neft-qaz sektorunda regionları birləşdirən strateji layihələr həyata keçirilib. Bu gün isə ölkəmiz “yaşıl enerji” dəhlizləri yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni enerji yollarının inşasına qərarlıdır. Bu baxımdan, üç böyük tədbiri bir araya gətirən Bakı Enerji Həftəsi özünü energetika sahəsində nailiyyətlərin nümayişi üçün nüfuzlu bir platforma kimi təsdiqləyib”.
C.Mikayılov əlavə edib ki, bu beynəlxalq tədbir Azərbaycanın enerji sektorunda atdığı uğurlu addımların, imzalanan müqavilələrin və qurulan əməkdaşlıqların əyani təzahürüdür: “Eyni zamanda bu platforma gələcək üçün yeni ideyaların irəli sürüldüyü, yeni layihələrin əsasının qoyulduğu, tərəfdaşlıqların qurulduğu və müqavilələrin imzalandığı mühüm bir məkandır. Tədbirin uğurla təşkilinə töhfə verən bütün tərəfdaşlara təşəkkür edirik”.