Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO


İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti Şimon Peres Sülh və İnnovasiya Mərkəzini ziyarət edib.

APA-nın Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə mərkəzin fəaliyyəti, İsrailin innovasiya ekosistemi, startap mədəniyyəti və yüksək texnologiyalar sahəsində əldə olunan uğurlar barədə ətraflı məlumat təqdim olunub.

Bildirilib ki, Şimon Peres Sülh və İnnovasiya Mərkəzi İsrailin sabiq Prezidenti və Nobel Sülh Mükafatı laureatı Şimon Peresin irsini yaşatmaq məqsədilə yaradılıb.

Mərkəz innovasiya, texnologiya, təhsil və sahibkarlığın inkişafını təşviq etməklə yanaşı, sülh və beynəlxalq əməkdaşlıq ideyalarının təşviqi istiqamətində də fəaliyyət göstərir.

Qeyd olunub ki, mərkəzdə İsrailin "Startap ölkəsi" modelini əks etdirən interaktiv ekspozisiyalar nümayiş etdirilir. Burada ölkənin elm, yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi və tibb sahələrində qazandığı nailiyyətlər ziyarətçilərə təqdim olunur.

Dialoq zamanı tərəflər innovasiya ekosistemlərinin inkişafı, startapların dəstəklənməsi, texnologiya transferi, elmi-tədqiqat sahəsində əməkdaşlıq, eləcə də innovativ həllərin kommersiyalaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və innovasiya mərkəzləri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mərkəzin interaktiv sərgi zalları, innovasiya ekspozisiyaları və İsrailin texnoloji inkişaf yolunu əks etdirən nümayiş bölmələri ilə də yaxından tanış olub.

Oxşar xəbərlər

Azərbaycan–İsrail startap tərəfdaşlığı müzakirə olunub - FOTO
"MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib
Azərbaycan və Qazaxıstandan 15 nəfərlik heyət İsrailə səfər edib
İstanbulda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin toplantısı keçirilir- FOTO
Azərbaycan İnnovasiya Mərkəzi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər