Səfir: Liman infrastrukturu, logistika və BOEM Niderlandla əməkdaşlığın yeni istiqamətləridir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
11:00

Səfir: Liman infrastrukturu, logistika və BOEM Niderlandla əməkdaşlığın yeni istiqamətləridir

21 may, 2025
11:00
654

Səfir: Liman infrastrukturu, logistika və BOEM Niderlandla əməkdaşlığın yeni istiqamətləridir

Azərbaycan və Niderland ikitərəfli əməkdaşlığı gücləndirmək üçün dəniz limanının genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə diqqət yetirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə “The Holland Times” nəşrinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, iqtisadi əməkdaşlıq ticarət, investisiya və birgə fəaliyyət sahələrində davamlı dinamika nümayiş etdirən Azərbaycan və Niderland arasındakı münasibətlərdə mühüm rol oynayır.

“2024-cü il üçün Azərbaycanda 130-a yaxın Niderland şirkəti fəaliyyət göstərir. Niderlandın Azərbaycana sərmayələri təxminən 1,5 milyard ABŞ dolları təşkil edir. Ölkəmizdə Niderland sərmayələri əsasən qeyri-neft sektorlarına yönəlmişdir ki, bu da Azərbaycanın strateji iqtisadi şaxələndirmə hədəfinə uyğundur. Azərbaycan Niderlanda 2,5 milyard ABŞ dollarından çox sərmayə yatırıb. 2024-cü ildə qarşılıqlı ticarət əvvəlki illə müqayisədə 60 % artıb ki, bu da Niderlanddan sənaye malları və texnologiyaların idxalının və Azərbaycandan enerji ixracının yüksəlməsindən irəli gəlir”, - o qeyd edib.

Səfirin sözlərinə görə, kənd təsərrüfatı və su təsərrüfatı əsas əməkdaşlıq sahələridir. Dayanıqlı kənd təsərrüfatı, istixana texnologiyası və su idarəetməsi üzrə Niderlandın təcrübəsi Azərbaycanın kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə töhfə verib. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyini və məhsuldarlığı artıra bilər. “Azərbaycanın ekoloji dayanıqlığa diqqət yetirdiyini nəzərə alaraq, Niderland şirkətləri suyun təmizlənməsi layihələrində iştirak edir. 2024-cü ildə Azərbaycanın kənd təsərrüfatı naziri qeyd olunan sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün Niderlandda səfərdə olub", - o qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycanın strateji mövqeyi onu Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirir və Orta Dəhlizin inkişafında mühüm rol oynayır.

“Niderland şirkətləri Bakı Limanında mühəndislik işlərində iştirak edib, onun multimodal qovşaq kimi imkanlarını artırıblar. Gələcək layihələr dəniz limanının genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, infrastruktur və logistika sahələrini əhatə edəcək. Azərbaycanın enerji kompleksində bərpa olunan mənbələrin payını artırmaq öhdəliyindən irəli gələrək külək, günəş və digər bərpa olunan enerji texnologiyaları sahəsində Niderland şirkətləri ilə əməkdaşlıq üçün böyük potensial mövcuddur", - Məmməd Əhmədzadə bildirib.

Bundan əlavə, səfir Niderlandın ixracyönümlü istehsalçılarını Ələt Azad İqtisadi Zonasına (AFEZ) sərmayə yatırmağa dəvət edib.

Bizimlə əlaqə saxlayın