Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
sizinxeber.az xəbər saytı

Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır


Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır və nəticədə valyuta ehtiyatlarının həcmi artır.

Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, 2025-ci ildə dünya bazarında qızılın qiyməti 67 faiz artıb. Qızılın qiymətinin artmasında qlobal ticarət müharibələri ilə bağlı təhdidlər əsas rol oynayır.

Onun sözlərinə görə, ilin son altı ayında qızılın qiymətində 30 faizə yaxın, son bir ayda isə 6 faizdən çox artım qeydə alınıb. Bu göstəricilər qızıl bazarında artım dinamikasının kifayət qədər güclü olduğunu deməyə əsas verir.

Deputat qeyd edib ki, hazırda qızılın bir unsiyasının qiyməti 4322 dollar, bir qramının qiyməti isə 138 dollardır: “Qızılın qiymətindəki artım bu strateji məhsula tələbin yüksəlməsi ilə bağlıdır. Xüsusilə qlobal ticarət müharibələri fonunda qızıl investorlar üçün daha etibarlı aktiv hesab olunur”.

Mərkəzi Bankın qızıl ehtiyatlarına toxunan Vüqar Bayramov qeyd edib ki, qızılın qiymətinin artması mövcud ehtiyatların dəyərini yüksəldir.

“Son illər ölkədə qızıl ehtiyatlarının artması müşahidə olunur ki, bu da müsbət haldır. Çünki qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır və nəticədə valyuta ehtiyatlarının həcmi artır. ABŞ-ın tətbiq etdiyi tariflərdən sonra qızılın qiymətinin artacağı gözlənilən idi. İnvestorlar hazırkı şəraitdə qızıla balanslı şəkildə sərmayə yatırırlar. Çünki hər hansı məhsulun qiyməti kəskin artdıqdan sonra müəyyən azalmalar baş verə bilər. İlin əvvəlindən qızıl bazarında böyük investisiya axını müşahidə olunsa da, hazırda investisiya həcmində nisbi azalma var. Bununla belə, investorların bir qismi hələ də qızıl bazarına üstünlük verir”, - deyə Vüqar Bayramov əlavə edib.

Deputat bildirib ki, qızılın qiymətindəki artım Azərbaycanda da daxili bazara təsirsiz ötüşməyib: “Son proseslər göstərir ki, ABŞ səhmlərinə investisiya qoyuluşu da etibarlı hesab oluna bilər. Bununla yanaşı, Azərbaycanda qızıl ənənəvi olaraq əsas yığım vasitələrindən biri olaraq qalır. Eyni zamanda vətəndaşlar qızılla yanaşı, daşınmaz əmlak bazarına da investisiya yatırırlar”.

Oxşar xəbərlər

Assosiasiya: Qızıl bazarında bahalaşma bu ilin sonuna qədər davam edə bilər
Polşa ötən ilin noyabrında 21 ton qızıl alıb
Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər
Qızılın qiymətində yeni rekord - Bahalaşma hansı həddə qədər davam edəcək?
Qızılın qiyməti rekord səviyyəyə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər