Anar Quliyev: "Yaşıl" tikintiyə keçid yalnız ekoloji zərurət deyil, mühüm iqtisadi imkandır
sizinxeber.az xəbər saytı

Anar Quliyev: "Yaşıl" tikintiyə keçid yalnız ekoloji zərurət deyil, mühüm iqtisadi imkandır


Şəhərlər mobillik, ticarət və innovasiyanın əsas mühərrikləridir və qlobal ÜDM-in boyük bir hissəsini formalaşdırırlar.

Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində təşkil olunan "D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu" mövzusunda keçirilən tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev bildirib.

Onun sözlərinə görə, eyni zamanda, şəhərlər qlobal emissiyaların təxminən 70 faizinə və dünya üzrə enerji istehlakının üçdə ikisindən çoxuna cavabdehdirlər: "Bu isə iqlim dəyişiklikləri ilə mübarizədə şəhərlərin rolunu və şəhər mühitinin planlaşdırılması, layihələndirilməsi və qurulması prosesinin nə qədər vacib olduğunu daha da ön plana çıxarır".

Anar Quliyev qeyd edib ki, Azərbaycanda enerji səmərəliliyinin artırılması və iqlim dayanıqlılığının gücləndirilməsi şəhərsalma siyasətinin ayrılmaz hissəsidir.

""Yaşıl" tikinti və enerji baxımından səmərəli binalar şəhər inkişaf strategiyamızın əsas istiqamətlərinə çevrilib. Bu yanaşma bizim belə bir inamımızı əks etdirir ki, dayanıqlı şəhər gələcəyi tikinti və infrastrukturun uzunmüddətli ekoloji təsirinin azaldılmasından asılıdır", - Anar Quliyev vurğulayıb.

O əlavə edib ki, "yaşıl" tikintiyə keçid yalnız ekoloji zərurət deyil, eyni zamanda mühüm iqtisadi imkandır. Enerji səmərəli binalara və dayanıqlı infrastruktura yatırılan investisiyalar istismar xərclərini azaldır, həyat keyfiyyətini yüksəldir, investisiya cəlbediciliyini artırır, innovasiyanı təşviq edir və yeni iş yerləri yaradır. Beləliklə, bu yanaşma uzunmüddətli iqtisadi dayanıqlılığa da töhfə verir.

"Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri xüsusi əhəmiyyət daşıyır. Qarabağ və ətraf rayonların işğaldan azad edilməsindən sonra Azərbaycan uzun illər ərzində ciddi dağıntılara məruz qalmış bölgələrdə iddialı bərpa prosesinə başlayıb. Bütün şəhərlər və kəndlər, sosial infrastruktur, nəqliyyat şəbəkələri, enerji sistemləri və ictimai xidmətlər yenidən qurulur", - Anar Quliyev qeyd edib.

Oxşar xəbərlər

Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Anar Quliyev: "Yaşıl" tikinti üzrə yol xəritəsi hazırlanır
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Anar Quliyev: Məqsədimiz WUF13-ün yüksək səviyyədə təşkili və iştirakçılar üçün əlverişli şəraitin yaradılmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər