Aygün Əliyeva: Davamlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil
sizinxeber.az xəbər saytı

Aygün Əliyeva: Davamlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil


Davamlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən QHT forumunda deyib.

Onun sözlərinə görə, Dünya Şəhərsalma Forumunun tarixində ilk dəfədir ki, rəsmi WUF proqramı çərçivəsində QHT Forumu təşkil olunur:" Bu, sadəcə simvolik bir hadisə deyil. Bu, beynəlxalq səviyyədə artıq qəbul olunmuş mühüm bir reallığın təsdiqidir: davamlı şəhər inkişafı və urbanizasiya vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan uğur qazana bilməz".

A.Əliyeva qeyd edib ki, son illərdə Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslər və həmrəylik mexanizmləri üçün platformaya çevrilib:

"2025-ci ildə Bakıda Qlobal Cənub QHT Platformasının Təsis Konfransı keçirildi. Elə həmin ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması yaradıldı. Cəmi bir neçə gün əvvəl isə Bakı Urban Həftəsi çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyası baş tutdu. Bütün bu inkişaflar göstərir ki, Azərbaycan təkcə beynəlxalq tədbirlərə ev sahibliyi etmir, eyni zamanda müxtəlif regionlardan vətəndaş cəmiyyəti nümayəndələrini dialoq, həmrəylik və əməkdaşlıq naminə bir araya gətirən mühüm beynəlxalq platformaya çevrilir".

Agentliyin icraçı direktoru vurğulayıb ki, dünyanın müxtəlif şəhərləri iqlim dəyişikliyi, sosial bərabərsizlik, miqrasiya və humanitar böhranlarla üz-üzədir:

'Belə bir dövrdə şəhərlərin gələcəyi yalnız beton və infrastruktur üzərində qurula bilməz. O, insan etimadı, ictimai iştirakçılıq və həmrəylik üzərində qurulmalıdır. Azərbaycan artıq bu yanaşmanı praktikada tətbiq edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində yeni həyat formalaşır. "Ağıllı şəhər" və "ağıllı kənd" modelləri tətbiq olunur, yaşıl enerji zonaları yaradılır, insan mərkəzli və ekoloji baxımdan dayanıqlı inkişaf konsepsiyaları həyata keçirilir. Ölkəmiz dağıdılmış şəhərlərin, mina ilə çirkləndirilmiş ərazilərin və viran edilmiş yaşayış məntəqələrinin yenidən həyata qaytarılması kimi mürəkkəb və tarixi bir missiyanı öz üzərinə götürüb".

O bildirib ki, bir zamanlar "Qafqazın Hiroşiması" adlandırılan Ağdam bu gün həmin dönüşümün və qətiyyətin simvoluna çevrilir:

"Tamamilə dağıdılmış bir şəhər artıq yeni həyatın başlanğıcına şahidlik edir. Bu, bir xalqın yalnız dağıntılar üzərində şəhərləri yenidən qurmaq deyil, eyni zamanda insan ümidini və gələcəyə inamını bərpa etmək əzmini nümayiş etdirir. Eyni zamanda Azərbaycanın mədəni paytaxtı Şuşada həyat tədricən öz təbii axarına qayıdır. Uşaqların doğma şəhərlərinə və məktəblərinə geri dönməsi sadəcə təhsil hadisəsi deyildi. Bu, uşaqların səsi ilə həyatın, ümidin və gələcəyin Qarabağa qayıdışının ən təsirli simvollarından birinə çevrildi. Çünki şəhərlərin həqiqi dayanıqlılığı ilk növbədə onların ən kiçik sakinlərinin - uşaqların təhlükəsizliyi, rifahı və gələcəyi ilə ölçülür. İnsanların özünü təhlükəsiz hiss etmədiyi və uşaqların sabaha inamla baxa bilmədiyi heç bir şəhər tam dayanıqlı hesab oluna bilməz. Məhz buna görə vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

Aygün Əliyeva: WUF tarixində ilk dəfə QHT Forumunun rəsmi proqrama daxil edilməsi vətəndaş cəmiyyətinin artan rolunu göstərir
Bakıda WUF13 QHT Forumu keçiriləcək
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Rafael Vinyol: Ali təhsil müəssisələri davamlı şəhərsalma işində mühüm rol oynayır
Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər