İranda Astara Terminalında görülən işlər müzakirə olunub - FOTO
sizinxeber.az xəbər saytı

İranda Astara Terminalında görülən işlər müzakirə olunub - FOTO


“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb. Terminalın layihələndirmə işlərinin 90%-i, tikinti-quraşdırma işlərinin isə təqribən 75%-i başa çatdırılıb. 2025-ci ilin əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin vaxtında başa çatdırılmasına təkan verəcək.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

ADY Astara Terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb - FOTO
ADY və İran Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığı genişləndirir
Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə edib
ADY: Astara Terminalının inşası bu il başa çatdırılacaq
Rövşən Rüstəmov: Növbəti il Astara terminalının inşası tam yekunlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər