Ekspert: "Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir"
Son illər Azərbaycanda aqrar komplekslərin yaradılması, elmi mərkəzlərin fəaliyyətinin gücləndirilməsi və kənd təsərrüfatında elmi yanaşmaların genişləndirilməsi məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər" mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsində İtaliya–Azərbaycan Universitetinin Kənd Təsərrüfatı və Qida elmləri fakültəsinin müəllimi Sahil Quliyev bildirib.
"Məlumdur ki, məhsuldarlığa təsir edən əsas amillərdən biri istifadə olunan sortların xüsusiyyətləridir. Müxtəlif ölkələrdən Azərbaycana gətirilən yeni sortların yerli şəraitə, xüsusilə xəstəlik və zərərvericilərə qarşı davamlılığının elmi şəkildə öyrənilməsi vacibdir. Çünki bəzi hallarda xəstəliklər və zərərvericilər nəticəsində məhsul itkiləri 40-50 %-ə qədər yüksəlir. Bu baxımdan elm, təhsil və tədqiqat fəaliyyətinin inteqrasiyası daha yüksək məhsuldarlığın əldə olunmasına töhfə verə bilər", - deyə o qeyd edib.
S.Quliyevin sözlərinə görə, digər mühüm istiqamət isə rəqəmsallaşdırmadır: "Fermerlərin qeydiyyat sistemlərinin təkmilləşdirilməsi, məhsuldarlıq göstəricilərinin rəqəmsal bazalarda toplanılması, süni intellekt və müasir texnologiyaların tətbiqi aqrar sektorda yeni imkanlar yaradır. Bu texnologiyalar geniş ərazilərdə problemlərin erkən mərhələdə aşkarlanmasına və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə şərait yaradır. Su ehtiyatlarından səmərəli istifadə də diqqət mərkəzində olmalıdır. Müasir suvarma sistemlərinin tətbiqi mühüm addımdır. Lakin əsas məsələ bu sistemlərin su təminatına nə dərəcədə zəmanət verməsidir. İqlim dəyişiklikləri ilə bağlı proqnozların nəzərə alınması və su ehtiyatlarının elmi əsaslarla idarə olunması bu sahədə daha dayanıqlı nəticələr əldə etməyə imkan verə bilər".
Müəllim əlavə edib ki, əlavə dəyərin yaradılması məsələsi də xüsusi əhəmiyyət daşıyır: "Azərbaycanda istehsal olunan meyvə əsasən ilkin formalarda xarici bazarlara çıxarılır. Halbuki emal sənayesinin inkişafı məhsulların dəyərini əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn, Azərbaycan xurma istehsalında dünyanın aparıcı ölkələri sırasındadır. Xurmanın yalnız təzə məhsul kimi deyil, müxtəlif emal məhsulları şəklində bazara çıxarılması həm iqtisadi gəlirləri artırar, həm də regionların sosial-iqtisadi inkişafına əlavə töhfə verər.
Eyni zamanda pestisid və gübrələrdən istifadə məsələsinə xüsusi diqqət yetirilməlidir. Bu vasitələrdən həddindən artıq və qeyri-düzgün istifadə gələcəkdə torpaqların məhsuldarlığına mənfi təsir edə bilər. Buna görə fermerlər arasında maarifləndirmənin genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının və aidiyyəti qurumların bu prosesə fəal cəlb olunması vacibdir. Bu yanaşma torpaqdan uzunmüddətli və dayanıqlı istifadəyə imkan yarada bilər".
Onun sözlərinə görə, toxumçuluğun inkişafı, yeni sortların yaradılması və introduksiya olunmuş sortların təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edəcək.
"Azərbaycanın xüsusilə Aran bölgəsində torpaqların şorlaşması problemi aktual olaraq qalır. Bu problemin qısa müddətdə tam həlli mümkün olmasa da, elmi tədqiqatların genişləndirilməsi nəticəsində həmin torpaqların bir hissəsinin yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması mümkündür. Bu ərazilərdə aqrar komplekslərin yaradılması həm yeni iş yerlərinin açılmasına, həm də ölkənin torpaq ehtiyatlarından daha səmərəli istifadəyə şərait yarada bilər", - deyə S.Quliyev əlavə edib.
Oxşar xəbərlər
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
ETİ: Azərbaycanda taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib
Azərbaycanda ilk dəfə Moldovanın quraqlığa və xəstəliklərə davamlı üzüm sortları sınaqdan keçirilir
FAO: Hər il dünyada aqrar bitkilərin 40 %-i zərərvericilər və xəstəliklər səbəbindən itirilir”
Bağış Əhmədov: "2030-cu ilə qədər aqrar sahədə əlavə dəyərin 10 % artması gözlənilir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
