Uşaqlarla bağlı rəqəmsal təhlükəsizlik artıq təkcə ailələrin deyil, dövlətlərin də diqqət mərkəzindədir - RƏY
sizinxeber.az xəbər saytı

Uşaqlarla bağlı rəqəmsal təhlükəsizlik artıq təkcə ailələrin deyil, dövlətlərin də diqqət mərkəzindədir - RƏY


Müasir dövrdə uşaqlar günün əhəmiyyətli hissəsini artıq küçədə, həyət və ya məktəbdə deyil, internetin müxtəlif platformalarında keçirirlər. Bu isə bir tərəfdən yeni biliklərə çıxış imkanı yaratsa da, digər tərəfdən uşaqları yaşlarına uyğun olmayan təsirlərlə üz-üzə qoyur. Məhz buna görə də rəqəmsal təhlükəsizlik məsələsi artıq təkcə ailələrin deyil, dövlətlərin də diqqət mərkəzindədir.

Bu fikirləri "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

O qeyd edib ki, bütün bunları nəzərə alaraq, Azərbaycanda qanunvericilikdə dəyişikliklər zərurəti yaranıb:

"Yeni qaydalara əsasən, 16 yaşına çatmamış şəxslər sosial şəbəkələrdə fərdi hesab yarada bilməyəcəklər. 16-18 yaş arasında olan yeniyetmələrin isə sosial media platformalarından istifadəsi valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında mümkün olacaq. Bu yanaşma ilk baxışdan müəyyən məhdudiyyət kimi görünə bilər. Lakin məsələyə daha geniş prizmadan baxdıqda burada əsas məqsədin qadağa deyil, qoruma olduğu aydın görünür.

Çünki internet mühitində uşaqların üzləşdiyi risklər hər keçən gün daha da artır. Kibertəqib, şəxsi məlumatların oğurlanması, psixoloji zorakılıq, təhlükəli çağırışlar, aqressiv və ya manipulyativ məzmunlar artıq dünyanın əksər ölkələrində ciddi problem kimi qəbul edilir. Bəzən bir neçə saniyə ərzində yayılan məlumat və ya görüntü yeniyetmənin psixologiyasında uzunmüddətli izlər buraxa bilir. Sosial şəbəkələrdə əldə olunan bəyənmə və izləyici sayı uğrunda yaranan yarış da bir çox hallarda uşaqların emosional vəziyyətinə mənfi təsir göstərir".

Deputatın sözlərinə görə, yeni dəyişikliklər valideynlərin məsuliyyətini də artırır:

"Çünki uşaqların rəqəmsal təhlükəsizliyi yalnız qanunlarla təmin oluna bilməz. Valideyn övladının internetdə nə ilə maraqlandığını, hansı platformalardan istifadə etdiyini və kimlərlə ünsiyyətdə olduğunu bilməlidir. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal dövrdə valideyn nəzarəti yalnız qadağalarla deyil, daha çox maarifləndirmə və qarşılıqlı etimadla qurulmalıdır. Uşağa internetdən düzgün istifadə etməyi öyrətmək onu tamamilə internetdən uzaq saxlamaqdan daha effektiv yanaşmadır.

Qanunvericilik dəyişikliklərinin mühüm tərəflərindən biri də sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasıdır. İndiyədək bir çox hallarda istifadəçinin yaşını müəyyənləşdirmək yalnız formal prosedur xarakteri daşıyırdı. Yeni yanaşma isə platformaların yaşın yoxlanılması mexanizmlərini təkmilləşdirməsini, azyaşlıların müdafiəsi üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq etməsini və qanunvericiliyin tələblərinə əməl etməsini nəzərdə tutur. Bu, rəqəmsal məkanın daha təhlükəsiz və məsuliyyətli idarə olunmasına xidmət edən vacib addımlardan biridir".

Dünya təcrübəsini diqqətə çatdıran E.Akimova deyib ki, dünyada da bu sahədə tədbirlərin görülməsi artıq qaçılmaz zərurətə çevrilib:

"Son illərdə Avstraliya, Fransa, Norveç, İspaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair müxtəlif məhdudiyyətlər və nəzarət mexanizmləri tətbiq edilir. Bir çox ölkələrdə yaş təsdiqləmə sistemləri gücləndirilir, bəzi platformalar üçün xüsusi öhdəliklər müəyyənləşdirilir və uşaqların şəxsi məlumatlarının qorunmasına daha ciddi nəzarət edilir. Bu addımların hamısını birləşdirən əsas məqsəd eynidir: uşaqları rəqəmsal dünyanın risklərindən qorumaq.

Əslində məsələ yalnız bu günün təhlükəsizliyi ilə bağlı deyil. Burada söhbət gələcək nəslin sağlam inkişafından gedir. Bu gün internet məkanında qarşılaşdığı təhdidlərdən qorunan, rəqəmsal savadlılığı yüksək olan uşaq sabah daha məsuliyyətli vətəndaş, daha sağlam fərd kimi formalaşacaq. Buna görə də qəbul edilən yeni qaydalar təkcə hüquqi dəyişiklik deyil, həm də uşaqların gələcəyinə yönəlmiş sosial və mənəvi investisiya kimi qiymətləndirilməlidir.

Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsidir və bu proses geri dönməzdir. Ancaq texnologiyanın inkişafı ilə yanaşı təhlükəsizlik mexanizmlərinin də gücləndirilməsi vacibdir".

Oxşar xəbərlər

Sosial şəbəkələrlə bağlı tənzimləmələr uşaqları rəqəmsal təhlükələrdən qorumağa yönəlib - RƏY
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qorunması istiqamətində tədbirlər gücləndiriləcək
Azərbaycanda üç və daha çox uşağı olan ailələrin 5 il tez pensiyaya çıxması təklif edilib
Rəşad Həsənov: Valideynlərin 43 %-i uşaqlarının sosial şəbəkə istifadəsinə nəzarət edə bilmir
Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər