
Paşinyanın Moskva səfərinin pərdəarxası – ŞƏRH

Paşinyanın Moskva səfərinin pərdəarxası – ŞƏRH
Son illər Ermənistanın Rusiya ilə münasibətlərində kəskinləşmə qeydə alınır. Rəsmi İrəvanın Avropaya inteqrasiya məsələsi, Aİ-yə üzvlüyə namizədlik prosesinə start verməsi bu münasibətləri daha da gərginləşdirmişdi. Rusiya tərəfi dəfələrlə rəsmi şəxsləri vasitəsilə Aİ-yə üzvlük prosesinin Ermənistan üçün ağır nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, erməni hökuməti bu çağırışları qulaqardına vurur, hər dəfə də 44 günlük müharibədəki acı məğlubiyyətinə görə Kremli günahlandırmaqdan belə çəkinmir.
Bununla belə, son dövrlər baş nazir Nikol Paşinyanın Rusiya ilə münasibətlərə dair müsbət siqnallar verməsi, 9 May Qələbə Günündə Moskvada təşkil edilən paradda iştirak etməsi də İrəvanın Moskva ilə gərginliyi azaltmaq planından xəbər verir. Paşinyan ailəsinə yaxın media resurslarında bu səfərlə bağlı bütün xəbərlər eninə-boluna tirajlanır, iki ölkə arasındakı münasibətlərin normallaşmasına dair təhlillər, rəylər yer alır. Təbii ki, Paşinyan və çox yaxın çevrəsinin belə bir planı hakimiyyətdəki qərbpərəstləri narahat etməyə başlayıb. Təsadüfi deyil ki, 7 may tarixindən başlayaraq, müxtəlif KİV-lərdə qalmaqallı materiallar dərc edilir, İkinci dünya müharibəsi ilə bağlı erməni fantaziyalarının məhsulları xalqa təqdim edilir. Əslində materialları izləyib tanış olanda, bəyanatları dinləyəndə məlum olur ki, bu, son dövrlər Qərbdə, xüsusən də ABŞ-də geniş yayılmağa başlayan bir tezisin qoludur.
Avropa və ABŞ-də uzun müddətdir İkinci dünya müharibəsi ilə bağlı ortaya buraxılan tezisə görə, qələbə ABŞ sayəsində mümkün olub və qalib o sayılmalıdır. Bu materiallardan biri Ermənistanın İctimai televiziyasında yayımlanıb və müharibədə iştirak edən xalqların, konkret olaraq SSRİ-nin tərkibində alman faşizminə qarşı vuruşan respublikaların şücaəti dəyərsizləşdirilib. Məsələn, Ermənistanın müdafiə nazirliyinin keçmiş məmuru Artsrun Ovannisyan efirdə çıxışı zamanı bildirib ki, erməni xalqı Qələbə Gününü qeyd etməməlidir. Hərbçi eyni zamanda bildirib ki, müharibəni ABŞ və onun müttəfiqləri udublar. 44 günlük müharibənin son gününə qədər qaçılmaz və yaxın qələbə nağılları danışması ilə məşhurlaşan, indi “hərbi ekspert” kimi təqdim edilən Ermənistan Respublikası Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyan bununla da kimin adamı olduğunu büruzə verib. 9 may günü efirdə yayımlanan verilişdə Ovannisyan qeyd edib ki, İkinci dünya müharibəsinin əsl qalibi ABŞ başda olmaqla Qərbdir. O, cəfəng fikrinə davam edərək bildirib ki, əgər müharibədə Hitler qələbə qazansaydı, Ermənistan üçün daha yaxşı olardı. Buna görə də 9 may Ermənistan üçün qələbə günü yox, faciə günüdür. Bu tip bəyanatlar təkcə Artsrunun dilindən yox, bir çox şəxslərin dilindən səsləndirilib. Bu isə bir daha sübut edir ki, Ermənistanda faşizmə meyllilik hər zaman olub və davam edir. Bu, erməni siyasətinin, tarixə baxışının iç üzünü göstərir.
Ovannisyanla paralel olaraq, "Birinci kanal"da tanınmış aparıcısı Tatev Danielyanın da eyni gündə qalmaqallı açıqlamalar verməsi də sübut edir ki, bu, bir plandır və təsadüfi çıxışlar deyil. Tatev ruspərəst Ara Papyanı verilişinə qonaq dəvət edərək, bildirib ki, Rusiya bu müharibəni Vətən müharibəsi adlandırır, amma insanlar vuruşmaq istəməyiblər. Birinci ictimai kanal müharibə ilə bağlı faktları təhrif etmək üçün genişmiqyaslı təbliğata başlayıb! Artsrun Ovannisyanın Hitlerin "Vahid Ermənistan" yaratmaq istədiyi ilə bağlı cəfəngiyyatından sonra indi "Birinci kanal"ın aparıcısının dilindən məlum oldu ki, bu müharibəyə məhz ruslar Böyük Vətən Müharibəsi deyirdilər, amma əslində Ermənistandan heç kim döyüşmək istəmirdi.
Biz Ermənistanın yüksək vəzifəli şəxslərinin, o cümlədən Paşinyan ritorikasının necə dəyişdiyini görürük. Kim bilir, bəlkə Ovannisyan Ermənistan rəhbərliyinin hələ bizə demədiyini dilə gətirir? Bu işdə də ona Danielyan dəstək durur? Bəs sosial şəbəkələrdə qərbpərəst, xüsusən də Vaşinqton məmurlarının ayaqlarını öpməyə 24 saat hazır olan siyasətçilər? Bütün bunlardan çıxan nəticə odur ki, ilk baxışdan bunun məhz Paşinyan tərəfindən hazırlandığı planı görünür. Amma işin başqa tərəfi var. İşin başqa tərəfi odur ki, hakim partiya elitasında ciddi parçalanma var. İfrat qərbpərəst qanad heç bir vəchlə Moskva ilə münasibətləri normallaşdırmaq istəmir. Bu yolda istənilən şəxsə, hətta baş nazirə belə maneə olmaqdan çəkinmirlər.
ABŞ Prezidenti Donald Trampa hələ də xilaskar kimi baxan erməni siyasətçilərinin sayı kifayət qədər çoxdur. Onlar rusiyayönümlü siyasətçilərlə, müxalifət qanadı ilə açıq qarşıdurmadan belə çəkinmirlər. Elə bu səbəbdən də eyni günlərdə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib ki, Ermənistan Baş Prokurorluğu qanunsuz mənşəli əmlakın müsadirə edilməsi iddiası çərçivəsində Ermənistanın xeyrinə Robert və Bella Köçəryan, Sedrak Köçəryan, Zaruhi Badalyan, Levon və Siranuş Köçəryan, Qayane Köçəryan və Vigen Çatinyanın bir sıra mülk və əmlakının müsadirə edilməsini tələb edir. Baş nazirin Moskvada Putinlə görüşlər keçirdiyi bir ərəfədə Rusiya prezidentinin yaxın dostu Robert Köçəryana qarşı əmlak müsadirəsi məsələsinin yenidən aktivləşməsi elə qərbpərəst qanadın Kremlə ismarışı kimi də dəyərləndirilə bilər. Amma maraqlı bir məqam var ki, Qərbə, xüsusən də ABŞ-yə bu qədər yalmanan hakim partiya elitası Tramp administrasiyası ilə hansı uğura imza atıb?
Qısası, Ermənistan hakimiyyəti ilə Trampın komandası arasında son 100 gün ərzində aparılan təmaslar konkret nəticə verməyib və ikitərəfli münasibətlərdə fəal qarşılıqlı əlaqəni təmin etmək mümkün olmayıb. Bu səbəbdən də sorosçuların və vaşinqtonpərəstlərin canfəşanlığını bu səpkidən izah etmək olar ki, hansı yolla olursa-olsun, Ermənistanı Qərbə yaxınlaşdırmaq, Rusiyadan qoparmaq əsas məqsəddir.
Bir neçə gün ərzində baş verən hadisə eyni zamanda sübut edir ki, Nikol Paşinyan öz komandası arasında da nüfuzunu itirmək üzrədir. Belə olmasaydı, baş nazirin Moskva səfəri ərəfəsində erməni KİV, sosial şəbəkələr və telekanallarda belə cəfəng fikirlər səsləndirilməzdi. Bütün bu fikir və açıqlamaların bir dirijorun çubuğu ilə idarə edildiyi isə gün kimi aydındır. Sirr deyil ki, 1941-1945-ci il müharibəsindəki qələbə Rusiyanın qırmızı xəttidir və Moskva bu məsələdə çox həssasdır. Elə bu səbəbdən də erməni siyasi elitasının belə bir hücumu daha çox münasibətləri korlamağa yönəlib. Yəqin ki, yaxın vaxtlarda Kreml bu tip bəyanatları cavabsız buraxmayacağını göstərəcək...
Kamil Məmmədov