
UNESCO-nun baş direktoru: ABŞ-nin təşkilatdan çıxması gözlənilən idi - YENİLƏNİB -2

UNESCO-nun baş direktoru: ABŞ-nin təşkilatdan çıxması gözlənilən idi - YENİLƏNİB -2
UNESCO-nun baş direktoru Odri Azule ABŞ Prezidenti Donald Trampın ölkəni təşkilatdan çıxarmaq qərarı ilə bağlı təəssüfünü bildirib.
“Report”un verdiyi məlumata görə, bu barədə EFE agentliyi bildirib.
"Bu, təəssüf doğursa da, gözlənilən idi və UNESCO buna hazırdır", - baş direktor qeyd edib.
Onun sözlərinə görə, ABŞ-nin UNESCO-dan çıxmasının səbəbləri yeddi il əvvəl Trampın ilk prezidentlik müddətində eyni qərarı qəbul etdiyi səbəblərlə eynidir, lakin o vaxtdan bəri təşkilat daxilində vəziyyət çox dəyişib.
O, son illərdə struktur islahatlarının həyata keçirildiyini və maliyyə mənbələrinin şaxələndirildiyini xatırladıb. Hazırda ABŞ-nin töhfəsi təşkilatın ümumi büdcəsinin 8 %-ni təşkil edir.
"İndiki mərhələdə təşkilat hər hansı bir ixtisar mümkünlüyünü nəzərdən keçirmir", - o vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxması barədə qərar qəbul edib.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi müavini Anna Kelli bildirib.
"Prezident Donald Tramp ABŞ-ni UNESCO-dan çıxarmaq qərarına gəlib. Çünki təşkilat ABŞ maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləyir", - o, “New York Post” qəzetinə şərhində bildirib.
A.Kelli əlavə edib ki, Tramp administrasiyası "ölkənin bütün beynəlxalq təşkilatlarda üzvlüyünün ABŞ-nin milli maraqlarına uyğun olmasını" diqqətlə izləyir.
“Bundan əlavə, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) öz İcraiyyə Şurasından "anti-İsrail və anti-yəhudi təşəbbüsləri" təşviq etmək üçün istifadə edib”, - mətbuat katibinin müavini iddia edir.
ABŞ Prezidenti Donald Tramp ölkəni BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxarır.
“Report” xəbər verir ki, bu barədə “The New York Post” Ağ Evin mətbuat katibi müavini Anna Kelliyə istinadən bildirib.
Tramp bu addımı təşkilatın anti-Amerika və anti-İsrail əhval-ruhiyyəsi ilə əsaslandırır.
Tramp hələ fevralda ABŞ-nin UNESCO-dakı iştirakı ilə bağlı 90 günlük yoxlama təyin etmiş, təşkilatda hər hansı "antisemit və ya anti-İsrail əhval-ruhiyyəsinin" aşkarlanmasına xüsusi diqqət yetirmişdi.
Yoxlamanın nəticələrinə görə, administrasiya nümayəndələri UNESCO-nun müxtəliflik, bərabərlik və inklüzivlik sahəsindəki siyasəti, eləcə də onun Fələstinyönümlü və Çinyönümlü mövqeyindən narazı qalıb.
"Prezident Tramp Birləşmiş Ştatları amerikalıların noyabrda səs verdiyi ağıllı siyasətə tamamilə zidd olan mədəni və sosial təşəbbüsləri dəstəkləyən UNESCO-dan çıxarmaq qərarına gəlib", - Kelli bildirib.