ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
İranla ABŞ arasında müharibənin tezliklə bitəcəyinə inanmıram. Çünki hər iki tərəfin iddiaları və hədəfləri bir-birindən kəskin şəkildə fərqlənir. ABŞ ilk növbədə Çinin böyüməsinin və özünün iqtisadi cəhətdən zəifləməsinin qarşısını almaq üçün dünyanın enerji ehtiyatları üzərində nəzarəti əlinə almaq istəyir. Dünyanın enerji rezervlərinin 20%-i isə Fars körfəzində yerləşir. Bu enerji qaynaqlarının istehlakçı tərəfə çatdırılmasının da bir yolu var – Hörmüz boğazı. İran-ABŞ savaşının əsas hədəfi bu boğaza nəzarət etməkdir.
Bu sözləri Sizinxeber.Az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz İran-ABŞ arasında gərginləşən vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ hədəfinə çatıb Hörmüz boğazına nəzarət edə bilsə, dünya enerji mənbələri üzərində böyük üstünlük qazanacaq:
“Belə ki, o, bundan əvvəl dünya neft ehtiyatlarının hardasa 17-18%-ni əlində cəmləşdirən Venesuelanı da faktiki işğal etmiş durumdadır. Özü isə dünya neft istehsalının 20%-ni – gündə 22 milyon barrel neft çıxarır. Hörmüzü ələ keçirərsə, dünya neft hasilatının hardasa 60%-ə yaxını ABŞ-ın birbaşa nəzarətinə keçəcək. Bura dünya neft hasilatının 10-11 faizini əlində cəmləşdirən Rusiyanın enerji müəssisələrinin Ukrayna tərəfindən məhv olunmasını qatsaq, rəqəmlər daha da böyüyər. Ukraynanın hücumları nəticəsində Rusiya nəinki dünyaya neft və qaz ixracını dayandırıb, hətta özü belə daxili istehlakı üçün başqalarından neft istəyir. Bu fakt onu göstərir ki, ABŞ Hörmüz boğazına tam nəzarəti ələ keçirə bilsə, dünya sənayesinin taleyini müəyyənləşdirəcək”.
Politoloq bildirib ki, İran Hörmüz boğazının strateji əhəmiyyətini anlayır:
“Hələ 1980-ci illərdə baş verən İran-İraq savaşında onu tamamilə məhv olmaqdan qurtaran hadisə Fars körfəzində apardığı neft müharibəsi oldu. 1985-ci ildə başlatdığı tanker hücumları nəticəsində dünyanın güclü dövlətləri bu iki Fars körfəzi ölkəsini danışıqlar masasında əyləşdirdi. Xomeyninin “baldırğan zəhəri” adlandırdığı BMT-nin 598 saylı qətnaməsi (1988-ci ilin avqust ayında qəbul edilmişdi) əsasında atəşkəs elan olundu. Beləcə, İran-İraq savaşı da faktiki sona çatdı. Bu təcrübədən çıxış edən İran Hörmüz boğazının ən yaxşı strateji silah olduğunu anlayır və onu nəyin bahasına olursa olsun, əlindən buraxmaq istəmir. Məhz bu iki fərqli mövqenin toqquşması nəticəsində ABŞ-İran müharibəsinin tezliklə bitməsi mümkün deyil. ABŞ başa düşür ki, dünya neft hasilatının böyük hissəsinə nəzarəti ələ ala bilməsə, super dövlət olmaq imkanlarını itirəcək. İran isə anlayır ki, Hörmüz boğazına nəzarət onun əlindən çıxarsa, özü də yox olub gedəcək, müxtəlif hissələrə bölünəcək. Başqa sözlə desək, Hörmüz savaşı hər iki dövlət üçün ekzistensial əhəmiyyət daşıyan hadisədir”.
Siyasi şərhçi hesab edir ki, Fars körfəzində suların durulmamasının bir başqa səbəbi körfəzxarici güc mərkəzlərinin proseslərə müdaxiləsidir:
“Bu güc mərkəzlərindən biri Rusiya, digəri Çindir. Rusiyanın fikrincə, ABŞ-ın başı İranla müharibəyə qarışarsa, Ukraynaya effektiv dəstək verə bilməyəcək. Nəticədə Putin administrasiyası müharibədən ya minimum itki, ya da qələbə ilə ayrılacaq. Çin isə Hörmüz boğazında baş verənlərin əsas hədəfinin özü olduğunun fərqindədir. Bu səbəbdən də hər iki dövlət gücü çatdıqca İranı dəstəkləməyə çalışır.
ABŞ xarici güc mərkəzlərinin bu müdaxiləsini sonlandırmaq üçün bəzi addımlar atır. İlk növbədə Ukraynaya hərbi dəstək verməyi Avropa müttəfiqlərinin boynuna yükləmək istəyir və buna böyük ölçüdə nail olub. Digər tərəfdən, Rusiya və Çinlə İranın kommunikasiya əlaqələrini kəsmək üçün bəzi mühüm əməliyyatlar keçirir. Yaz aylarında ABŞ-İsrail ittifaqının Xəzər dənizindəki İran gəmilərini vuraraq tamamilə sıradan çıxarması, bir neçə gün əvvəl isə CENTCOM-un İranı Çinə, Orta Asiyaya və Rusiyaya bağlayan Ağtəkə dəmir yolunu hədəfə alması bu addımlardandır.
Qısası, İran-ABŞ müharibəsi tədricən 3-cü Dünya müharibəsinə çevrilməkdədir. Eskalasiyanın getdikcə böyüməsindən ən çox zərərlə ayrılan İran olacaq. Çünki digər tərəflərdən fərqli olaraq, müharibə onun ərazisində gedir və İran iqtisadiyyatı getdikcə iflasa doğru sürüklənir.
Bununla belə, İranda da artıq dirənişin faydasızlığına inananların sayı artır. Hətta SEPAH cəbhəsindəki bir çox qüvvələr belə bu anlamsız müqavimətin daha çox yıpranmaqla nəticələnəcəyinə inanırlar. Ölkədə bu yanaşma fərqliyinin ortaya çıxması İran üçün daha böyük fəlakətlə nəticələnə bilər”.
Oxşar xəbərlər
Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər
KİV: İran ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdiyini bəyan edib
ABŞ rəsmisi İranın Hörmüz boğazı üzərində nəzarətini qəbuledilməz adlandırıb
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
İran Hörmüz boğazı vasitəsilə Fars körfəzində təhlükəsizliyi təmin etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bəndər-Abbasda dörd partlayış baş verdi
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
