Siyasət Əsgərov: "Buduçnost" əvvəlki mövsümlərdəki rəqiblərlə müqayisədə daha münasibdir"
sizinxeber.az xəbər saytı

Siyasət Əsgərov: "Buduçnost" əvvəlki mövsümlərdəki rəqiblərlə müqayisədə daha münasibdir"


"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının I mərhələsində rəqibi olan "Buduçnost" əvvəlki mövsümlərlə müqayisədə daha münasibdir.

Bunu "Sizinxeber.az"a açıqlamasında komandanın baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis Monteneqro təmsilçisinin gücünü xarakterizə edib:

"Bundan öncəki mövsümlərə baxanda bu dəfə rəqib münasibdir. Əvvəlki illərdə Avstriya çempionu, Türkiyə təmsilçisi ilə qarşılaşmışdıq ki, hər iki komanda çox güclü heyətə malik idi. Builki rəqibimiz də zəif komanda deyil, öz ölkələrinin ən yaxşılarındandır. Ötən mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparıblar və qrupun finalında Slovakiya çempionuna məğlub olaraq mərhələni keçə bilməyiblər. Ümumilikdə çox yaxşı heyətə malik olduqlarını bilirik. Püşkatmadan sonra rəqibi hələ tam təhlil etməsək də, yaxın vaxtlarda bunu həyata keçirəcəyik".

Baş məşqçi təlim-məşq toplanışı və turnirin formatı barədə məlumat verib:

"Gələn həftədən etibarən komanda bir araya gələcək və təlim-məşq toplanışı təşkil olunacaq. Turnirdə ilk oyunumuz iyulun 22-də, növbəti matçımız isə iyulun 25-də keçiriləcək. Yarış dörd komandadan ibarət qrup formatında Yunanıstanda baş tutaq. Qrupdakı komandaların hamısı eyni məkanda mübarizə aparacaq. İlk iki oyunun nəticələrinə əsasən, qalib gələn tərəflər finalda qarşılaşacaq, digərləri isə 3-cü və 4-cü yerlər üçün oynayacaqlar. Finalda qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə əldə edəcək. Biz də bu qarşılaşmalarda maksimum nəticə göstərməyə çalışacağıq".

S.Əsgərov transfer çalışmaları və heyətdə gözlənilən dəyişikliklərə toxunub:

"Hazırda danışıq apardığımız futbolçular var, keçidləri rəsmiləşdikdən sonra adlarını açıqlayacağıq. Mövcud heyəti maksimum qorumağa və boş mövqeləri gücləndirməyə çalışırıq. Komandaya 4-5 yeni oyunçunun gətirilməsini planlaşdırırıq. Bu futbolçular yerli çempionatdan da ola bilər. Lakin əsasən əcnəbilərə, təcrübəli oyunçulara üstünlük vermək istəyirik. Çünki bu cür mərhələlərdə gənc oyunçular təzyiqə tab gətirə bilmirlər. Təlim-məşq prosesində maksimum hazırlaşacağıq. Əsas məqsədimiz istədiyimiz oyunçuları komandaya cəlb etməkdir".

Qeyd edək ki, "Neftçi" - "Buduçnost" matçında qalib olan tərəf finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) duelinin ən güclüsü ilə üz-üzə gələcək.

Qalib komanda II təsnifat mərhələsinə yüksələcək. I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşü isə 25-də keçiriləcək.

Oxşar xəbərlər

"Neftçi"nin baş məşqçisi: "Komanda Türkiyə klubu ilə görüşdə xarakter göstərdi"
"Neftçi"nin baş məşqçisi: Avstriya klubu ilə matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu
"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"
"Sabah"ın baş məşqçisi: "Çempionlar Liqasında zəif rəqib yoxdur"
"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər