Uşaqlarımız Kitabdan Uzaqlaşır: Günah Kimdədir? - İzzət Qurbanov yazır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
03 
in
2025
11:46

Uşaqlarımız Kitabdan Uzaqlaşır: Günah Kimdədir? - İzzət Qurbanov yazır

03 in, 2025
11:46
900

Uşaqlarımız Kitabdan Uzaqlaşır: Günah Kimdədir? - İzzət Qurbanov yazır

 📚 İzzət Qurbanov yazır...

Bəzən bir səssizlikdə öz-özümə sual verirəm: uşaqlarımız niyə artıq kitab oxumur? Cavab bəzən texnologiyada, bəzən valideyndə, bəzən müəllimdə, bəzən isə elə bizdə – cəmiyyətdə gizlənir. Amma bir həqiqət dəyişmir: kitabdan uzaqlaşan bir nəsil, düşünməkdən, sorğulamaqdan və dərk etməkdən də uzaqlaşır.

İndi kitab deyəndə uşağın ağlına dərhal “dərslik” gəlir. Dərs kitabı, test kitabı, hazırlıq dəftəri… Sanki kitab yalnız imtahana hazırlıq üçün bir vasitədir. Roman, povest, esse nədir bilmir, çünki oxumağa motivasiya yoxdur. Ədəbi qəhrəmanlar artıq sevilmir, çünki onların yerini “YouTube qəhrəmanları” tutub.

Amma bu vəziyyətə görə təkcə uşağı günahlandırmaq ədalətsizlikdir. Bəs biz – böyüklər – nə etdik?

Valideynlər: Uşağın əlində telefon olmasına səssiz qalırıq, amma oxuduğu son kitabı soruşmuruq. Kitab almağa gəldikdə “bahadır” deyirik, amma eyni qiymətə oyun abunəliyi almaqdan çəkinmirik.

Müəllimlər: Kitabı testə endirdik. Ədəbiyyat dərslərində ruhu yox, sualları öyrədirik. Oxumağa deyil, əzbərləməyə yönəldirik. Halbuki bir “Yanar Dağ”, bir “Dəli Kür”, bir “Əli və Nino” uşağın qəlbini silkələyə bilər, əgər oxumaq sevgi ilə aşılanarsa.

 Cəmiyyət və media: Biz oxuyan deyil, izləyən bir toplum yaratdıq. Televiziya ekranlarında intellekt yox, qalmaqal trenddir. Sosial şəbəkələrdə kitabdan danışan gənc deyil, rəqs edən gənc “like” qazanır. Belə bir ortamda kitab sevilməz, təəssüf ki, sadəcə köhnə moda kimi görünər.

Mən İzzət Qurbanov olaraq inanıram ki, bu zənciri qırmaq mümkündür. Amma bunun üçün hər kəs bir az məsuliyyət götürməlidir. Bir valideyn, bir müəllim, bir oxucu olaraq. Uşaq evdə səssizcə bir kitab oxuyan ata görməlidir. Müəllim dərsdən sonra “bu kitabı mütləq oxuyun” deyə bilməlidir. Media isə ən azı ayda bir dəfə bir yazıçıya, bir kitaba yer ayırmalıdır.

📚 Kitab bir qapıdır – düşüncəyə, duyğuya, dünyaya. Bu qapının kilidini itirmişik, bəlkə də. Amma anahtar hələ də öz əlimizdədir. Onu tapmaq və uşaqlarımıza uzatmaq vaxtıdır.

Bizimlə əlaqə saxlayın