Alimlər 23 milyon işıq ili uzunluğunda nəhəng kosmik quruluş aşkarladı
Alimlər 23 milyon işıq ili uzunluğunda nəhəng kosmik quruluş aşkarladı
Astronomlar kainatın ən böyük yaxın kosmik strukturlarından birində təxminən 23 milyon işıq ili uzunluğunda nəhəng isti qaz filamenti aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf uzun illərdir elm dünyasını düşündürən "itkin adi maddə" probleminin həllinə mühüm töhfə verə bilər.
Söhbət təxminən 650 milyon işıq ili uzaqlıqda yerləşən və 8 mindən çox qalaktikanı özündə birləşdirən Shapley Supertopasından gedir. X-şüa müşahidələri nəticəsində burada dörd qalaktika alt-topasını bir-birinə bağlayan son dərəcə isti qazdan ibarət nəhəng filament müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, bu filament boyunca yerləşən maddənin ümumi kütləsi təxminən 10 Süd Yolu qalaktikasının kütləsinə bərabərdir. Qazın temperaturu isə 10 milyon dərəcə Selsidən yüksəkdir.

Kainatda mövcud maddənin böyük hissəsi qaranlıq maddədən ibarət olsa da, alimlər "adi maddə" adlandırılan proton, neytron və elektronlardan ibarət maddənin də əhəmiyyətli hissəsinin uzun müddət müşahidələrdə çatışmadığını bilirdilər. Böyük Partlayışdan sonrakı hesablamalar göstərirdi ki, hazırda müşahidə etdiyimiz ulduzlar, qalaktikalar, planetlər və qaz buludları bu maddənin yalnız təxminən yarısını təşkil edir.
Yeni müşahidələr göstərir ki, həmin "itkin" adi maddənin böyük hissəsi məhz qalaktikaları bir-birinə bağlayan zəif görünən, lakin çox böyük ölçülü isti qaz filamentlərində yerləşə bilər. Bu nəticə kosmoloji modellərin uzun illərdir irəli sürdüyü proqnozları da təsdiqləyir.
Araşdırma zamanı alimlər Avropa Kosmik Agentliyinin XMM-Newton və Yaponiyanın Suzaku kosmik teleskoplarının məlumatlarından istifadə ediblər. Müşahidələr nəticəsində qara dəliklər kimi digər güclü rentgen mənbələrinin təsiri aradan qaldırılaraq filamentin zəif şüalanması dəqiq şəkildə müəyyən edilib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, bu kəşf kainatın "kosmik tor" adlanan nəhəng strukturunun öyrənilməsi baxımından mühüm addımdır və göstərir ki, illərdir axtarılan adi maddənin böyük hissəsi məhz bu görünməsi çətin olan qaz liflərində gizlənir.
Tərcümə etdi: Sizinxeber.Az Baş Redaktor İzzət Qurbanov
