İcbari tibbi sığortadan keyfiyyətli səhiyyəyə - könüllü tibbi sığortanın strateji rolu - RƏY
Azərbaycanda könüllü tibbi sığortanın inkişafı həm vətəndaşların seçim imkanlarını artıracaq, özəl səhiyyə sektorunun inkişafını sürətləndirəcək, həm də ümumi səhiyyə sistemində sağlam rəqabət mühiti formalaşdıracaq.
Bunu "Report"a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 26 may 2026-cı il təsdiq etdiyi sərəncamla qəbul olunan Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, vətəndaşların müxtəlif xidmətlərə çıxış imkanlarının artırılması və müasir mexanizmlərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
"Hesab edirəm ki, bu yanaşma təkcə sığorta sektorunun deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və vətəndaşların daha geniş seçim imkanları əldə etməsinə xidmət edəcək strateji addımlardan biridir. Söhbət icbari tibbi sığortanın alternativindən deyil, onun üzərində qurulan və sistemi daha da gücləndirən könüllü tibbi sığorta mexanizminin inkişafından gedir".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavininin sözlərinə görə, dünyanın inkişaf etmiş səhiyyə sistemlərinə nəzər saldıqda görünür ki, heç bir ölkədə səhiyyə yalnız baza sığorta mexanizmi üzərində qurulmur:
"Almaniyada, Fransada, Niderlandda, İsveçrədə, Türkiyədə və Rusiyada icbari sığorta ilə yanaşı könüllü tibbi sığorta sistemləri də fəaliyyət göstərir. Bu modellərdə dövlət baza xidmətləri təmin edir, könüllü sığorta isə vətəndaşa əlavə seçim, daha geniş xidmət paketi və daha yüksək komfort imkanları yaradır. Məhz bu baxımdan Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə dövlət proqramında könüllü tibbi sığortanın inkişafı həm vətəndaşların seçim imkanlarını artıracaq, həm özəl səhiyyə sektorunun inkişafını sürətləndirəcək, həm də ümumi səhiyyə sistemində sağlam rəqabət mühiti formalaşdıracaq".
O həmçinin əlavə edib ki, bir çox yüksək texnologiyalı tibbi xidmətlərin maya dəyəri, avadanlıq xərcləri və insan resursları ilə bağlı tələblər mövcuddur:
"Dövlət sistemi və dövlət xəstəxanaları nə qədər inkişaf etsə də, dünyanın heç bir ölkəsində bütün xidmətlərin ən yüksək səviyyədə və məhdudiyyətsiz şəkildə yalnız dövlət vəsaiti hesabına göstərilməsi mümkün olmur. Buna görə də inkişaf etmiş ölkələrdə dövlət sistemi ilə yanaşı özəl tibbi sığorta və özəl səhiyyə sektoru da paralel inkişaf etdirilir".
R.Mahmudov vurğulayıb ki, könüllü tibbi sığortanın genişlənməsi vətəndaşın daha keyfiyyətli xidmətə çıxış imkanlarını artırır:
"Bu, baza xidmətlərin ləğvi deyil. Əksinə, hər kəs üçün təmin edilən baza xidmətlərin üzərinə əlavə seçim imkanlarının yaradılmasıdır. Digər tərəfdən, könüllü tibbi sığortanın inkişafı işəgötürənləri də əməkdaşlarına daha keyfiyyətli sosial paketlər təqdim etməyə təşviq edir. Bu isə əmək bazarında şəffaflığın artmasına, əməkhaqlarının daha düzgün rəsmiləşdirilməsinə və sosial müdafiə mexanizmlərinin güclənməsinə xidmət edir. İnsanlar daha yüksək əmək haqqı və daha yaxşı sosial təminat təqdim edən iş yerlərinə üstünlük verməyə başlayırlar ki, bu da bütövlükdə iqtisadiyyatın sağlam inkişafına töhfə verir.
Ən vacib məqamlardan biri isə rəqabətdir. Rəqabət olmayan yerdə inkişaf da olmur. Dövlət sistemi və özəl sektorun, icbari və könüllü sığorta mexanizmlərinin paralel fəaliyyəti səhiyyə müəssisələrini daha keyfiyyətli xidmət göstərməyə, yeni texnologiyalara investisiya yatırmağa və vətəndaş məmnuniyyətini artırmağa sövq edir. Nəticədə bundan qazanan tərəf vətəndaş olur".
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatlarının növbəti mərhələsi kimi könüllü tibbi sığortanın inkişafına verilən diqqət məhz bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu istiqamət gələcəkdə həm səhiyyə sisteminin maliyyə dayanıqlığını artıracaq, həm özəl səhiyyə sektorunun inkişafına təkan verəcək, həm də vətəndaşların daha keyfiyyətli və daha müxtəlif tibbi xidmətlərə çıxış imkanlarını genişləndirəcək", - deputat bildirib.
Oxşar xəbərlər
Ülviyyə Cabbarova: "Azərbaycan sığortanın nüfuzetmə səviyyəsinin artırılması üçün əhəmiyyətli potensiala malikdir"
Nazir müavini: Həkimlərin əməkhaqqının artırılması ilə bağlı ümidlər var
Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək
"Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı"nın məqsədləri açıqlanıb
Sədr: İcbari tibbi sığortada gələcəkdə müxtəlif ödəniş mexanizmləri tətbiq edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
