Sahibə Qafarova Astanada Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Sahibə Qafarova Astanada Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.

O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Türk dünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək, bu baxımdan TÜRKPA çərçivəsində fəal əməkdaşlığın parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Spiker Sahibə Qafarova Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirləri və atdığı addımları diqqətə çatdırıb.

Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclasının və orada müzakirəsi nəzərdə tutulan məsələlərin təşkilatın gələcək fəaliyyətində önəminə dair fikirlər səsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Astanada ŞKTC Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir
Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib
Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
ŞKTC parlamentinin sədri: Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər