Laçın şəhərindəki üçtərəfli Zirvə görüşü birliyimizin sarsılmaz olmasının göstəricisidir ŞƏRH » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
19:02
0
0
9 452

Laçın şəhərindəki üçtərəfli Zirvə görüşü birliyimizin sarsılmaz olmasının göstəricisidir ŞƏRH

07 in, 2025
19:02
9 452

Laçın şəhərindəki üçtərəfli Zirvə görüşü birliyimizin sarsılmaz olmasının göstəricisidir ŞƏRH

Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri qardaş ölkələr – Türkiyə və Pakistanla əlaqələrin inkişafıdır. Müstəqillik qazandığı ilk gündən Azərbaycan bu ölkələrlə yalnız diplomatik münasibətlər qurmaqla kifayətlənməyib, tarixi, dini və strateji qardaşlıq üzərində qurulan dərin əməkdaşlıq modelini formalaşdırıb. Ötən illər ərzində bu münasibətlər sadəcə siyasi və iqtisadi çərçivədə deyil, hərbi, humanitar, mədəni və təhlükəsizlik sahələrində də davamlı və məqsədyönlü şəkildə güclənməkdədir.

Azərbaycan–Türkiyə–Pakistan üçlüyü bu gün yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan əməkdaşlıq modelidir. Bu əməkdaşlığın məzmunu təkcə sənədlərdə deyil, praktik addımlarda, konkret layihələrdə və birgə siyasi mövqelərdə özünü büruzə verir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin siyasi və mənəvi dəstəyi, Pakistanın açıq şəkildə Azərbaycanın yanında olduğunu bəyan etməsi bu münasibətlərin sözlə yox, qardaşlıqla bağlı olduğunu göstərdi.

Bu münasibətlərin yeni və simvolik mərhələsi isə Laçın şəhərində baş tutan üç ölkə liderinin Zirvə görüşü ilə yadda qaldı. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın dövlət başçısının iştirakı ilə keçirilən bu görüş təkcə diplomatik tədbir deyildi – bu, geosiyasi mesaj, birliyin nümayişi və bərpa olunmuş Qarabağın beynəlxalq səviyyədə təsdiqi idi.

Laçın şəhəri – illərlə işğal altında qalan, dağıdılmış, viranə vəziyyətə salınan bu qədim diyar indi dirçələn, yenidən doğulan Azərbaycanın güc simvoluna çevrilib. Məhz bu torpaqda üç qardaş ölkənin liderlərinin görüşməsi həm Azərbaycanın ərazi bütövlüyünün qəbulunu, həm də bu qələbənin beynəlxalq birlik tərəfindən dəstəkləndiyini sübut etdi.

Zirvə görüşündə regional əməkdaşlığın dərinləşdirilməsi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və ortaq hərbi təlimlər əsas müzakirə mövzularından biri oldu. Xüsusilə Zəngəzur dəhlizi, Bakı–İslamabad dəmir yolu bağlantısı və üçtərəfli hərbi-strateji əməkdaşlıq platforması gələcək əməkdaşlığın istiqamətini müəyyən edən əsas sütunlar kimi qiymətləndirildi.

Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış Şuşa Bəyannaməsi və İslamabad Bəyannaməsi bu münasibətlərin hüquqi və strateji əsaslarını təşkil edir. Bu sənədlərlə tərəfdaşlıq müttəfiqliyə, dostluq isə strateji bağa çevrilib. Bu birliyin təməlində yalnız ortaq maraqlar deyil, ortaq tarix, ortaq dəyərlər və ortaq gələcək anlayışı dayanır.

Qardaş Pakistanın Ermənistanı rəsmi olaraq tanımaması və Azərbaycanın ərazi bütövlüyünə qəti dəstəyi, Türkiyənin “bir millət – iki dövlət” prinsipi ilə Azərbaycanla hər sahədə çiyin-çiyinə olması üç dövlətin dünyaya birlik, bərabərlik və güc mesajı verməsini təmin edir.

Laçın Zirvə görüşü sübut etdi ki, Azərbaycan tək deyil, heç vaxt da tək qalmayacaq. Bu üç ölkə arasında formalaşan əməkdaşlıq sadəcə regional sabitliyin deyil, islam dünyasında həmrəyliyin və Türk-İslam coğrafiyasının birliyinin təməlidir.

Azərbaycanın xarici siyasəti bu gün milli maraqlar üzərində qurulmuş və beynəlxalq tərəfdaşlıq ruhunu qoruyan, balanslı, müdrik və gələcəyə hesablanmış strateji kursdur. Bu kursun ən güclü dayaqlarından biri də Türkiyə və Pakistanla qardaşlıq və müttəfiqlik ruhunda qurulan əməkdaşlıqdır.

Tarix bu münasibətləri yazır, gələcək isə onları daha da möhkəmləndirəcək.

İzzət Qurbanov
"Sözüm var" layihəsi üçün yazdı.

Bizimlə əlaqə saxlayın