Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
13:00

Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib - YENİLƏNİB

15 may, 2025
13:00
552

Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri baş tutub.

BDU-nun rektoru Elçin Babayev milli medianın əldə etdiyi uğurlardan, ali təhsil müəssisəsinin jurnalist kadrlarını hazırlayarkən hansı məqamlara önəm verməsindən, tədris prosesində tətbiq olunan müasir təlim metodları və texnologiyalardan söz açıb:

"Bu gün milli medianın əldə etdiyi əhəmiyyətli nailiyyətlərdən geniş şəkildə bəhs etmək mümkündür. Mobil kommunikasiya vasitələrinin və sosial media platformalarının üstünlük təşkil etdiyi rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır".

Üsküdar Üniversitetinin rektoru Nazife Güngör isə beynəlxalq elmi kofransın BDU ilə birgə təşkil olunmasından məmnunluğunu ifadə edərək ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində yeni layihələr hədəfləndiyini deyib.

"Türkiyə və Azərbaycanın sosial, iqtisadi və başqa sahələrdə iş birlikləri olsa da, elmi sahədə birliyin olması cəmiyyət üçün böyük töhfədir. Bu gün təşkil olunan konfransda medianın gücündən və tədbirin hər iki ölkənin jurnalistikası üçün faydalarından bəhs edilir. Bu hər iki ölkə üçün rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyətində kompas rolunu oynayacaq. Üsküdar Universiteti olaraq, Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı yüksək dəyərləndirir və bu əməkdaşlıq çərçivəsində bir çox ortaq layihəni həyata keçirməyi hədəfləyirik".

Digər rəsmilər və universitet müəllimləri də milli mətbuatın 150 illiyi münasibəti ilə çıxışlar ediblər və Azərbaycan mediasının inkişaf yolundan danışıblar. Çıxışların sonunda musiqili tədbir baş tutub. Müxtəlif Azərbaycan xalq mahnıları səsləndirilib və milli rəqslər nümayiş etdirilib.

Qeyd edək ki, konfrans mayın 14-də başlayıb və üç gün davam edəcək

10:41

Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şuranın və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilir.

"Report" xəbər verir ki, üç gün davam edəcək konfransın məqsədi media istehsalı və istehlakı proseslərinin rəqəmsallaşma ilə transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr aparmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfransın ilk günündə “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt, media və cəmiyyət”, “Rəqəmsal dövrdə media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal dövrdə reklam və marketinq”, “Jurnalistika tarixi”, “Süni intellekt, media və vizual mədəniyyət”, “Rəqəmsal transformasiya və media” mövzuları üzrə 7 bölmədə 48 məruzə dinləniləcək.

Qeyd edək ki, konfransa ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

Konfrans çərçivəsində həmçinin Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil ediləcək.

Foto: Samirə Həsənova

Bizimlə əlaqə saxlayın