BDU-da milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
13:00

BDU-da milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

15 may, 2025
13:00
474

BDU-da milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfrans Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə təşkil olunub.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev həddindən artıq geniş informasiya axınının mövcud olduğu hazırkı çətin dövrdə, dezinformasiyaların, yanlış xəbərlərin və manipulyasiyaların qarşısını almağın, cəmiyyətə düzgün, dürüst və operativ informasiyanın təqdim edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

“Bu gün milli medianın əldə etdiyi əhəmiyyətli nailiyyətlərdən geniş şəkildə bəhs etmək mümkündür. Bununla belə, mövcud çağırışlar, xüsusilə də jurnalistika təhsilinin məzmun və forma baxımından yenilənməsi müasir tədris texnologiyalarının tətbiqini və bu sahədə institusional potensialın gücləndirilməsini zəruri edir. Bu kontekstdə ölkə mediası üçün peşəkar jurnalist kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi Bakı Dövlət Universiteti qarşısında mühüm vəzifələr dayanır”, - o bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bildirib ki, ADA Universiteti tərəfindən “Azərbaycan” (Cümhuriyyət dövrü) qəzetinin 20 cilddə transliterasiyası çap olunub:

“Bu, həmin dövrün abu-havasını bilmək baxımından vacib mərhələdir. Təklif edirəm ki, Şuşada mətbuat muzeyi yaradılsın. Həmin muzeydə Azərbaycan mətbuatının qədim dövrdən bu günədək keçdiyi yolun əks olunması Şuşaya səfər edəcək əcnəbi turistlər üçün də maraqlı olar. Şuşa mətbuatımızın paytaxtına çevrilir, bu baxımdan bu arzumuzun reallaşacağına ümid edirik”.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib ki, rəqəmsallaşma müasir dövrün çağırışıdır: “Azərbaycanda faktiki olaraq rəqəmsal media inkişaf səviyyəsinə çatıb. Rəqəmsal dünyada informasiyalı cəmiyyətin manipulyasiyaya məruz qaldığını görürük. Bu, ciddi problemdir. Media savadlılığının artırılması istiqamətində ciddi problemlər var. Kiberhücumların sayı hədsiz artıb. 1 dəqiqə ərzində 10 mindən çox kiberhücum baş verir”

Türkiyənin Üskudar Universitetinin rektoru Nəzifə Güngör çıxışı zamanı deyib ki, iki qardaş ölkə olaraq güclərimizi birləşdirməliyik: “Əlaqələr yalnız iqtisadi və siyasi sahələrdə deyil, təhsil sahəsində də olmalıdır. Əsas olan təhsil sahəsidir. Bizi inkişaf etdirəcək olan sahə təhsildir. Bu bizi gələcəyə daşıyar, daha da gücləndirər. Bir müddət öncə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq protokolu imzaladıq. Bu ilk təcrübəmizdir. Bu xüsusda işlər davam edir. Jurnalistika kafedramızla tez-tez bir araya gəlib, nələr edə biləcəyimizi müzakirə edirik. Universitetin digər fakültələri ilə də bunu davam etdirmək istəyirik”.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qeyd edib ki, konfrans təkcə Azərbaycan deyil, Türkiyə mediası üçün də uğurlu addımdır. Bu cür konfranslar jurnalistikanın inkişafı üçün çox əhəmiyyətlidir.

O əlavə edib ki, rəqəmsal çağırışları milli maraqlar çərçivəsində formalaşdırmaq üçün addımlar atılmalıdır.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil edilib.

Bizimlə əlaqə saxlayın