Alim Nəbiyev: "Rafael Fiziyev bütün taktiki tapşırıqları yerinə yetirdi və qalib gəldi"
sizinxeber.az xəbər saytı

Alim Nəbiyev: "Rafael Fiziyev bütün taktiki tapşırıqları yerinə yetirdi və qalib gəldi"


Azərbaycan təmsilçisi Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı turnirinin əsas döyüşündə bütün tapşırıqları yerinə yetirdiyi üçün qələbə qazanıb.

Bu barədə "Sizinxeber.az"a açıqlamasında 33 yaşlı MMA idmançısının məşqçilər korpusunda yer alan Alim Nəbiyev bildirib:

"Bakıdakı ikinci yarışdan 10 gün əvvəl zəngləşdik, görüşdük. Turnirədək onunla birlikdə işlədim. Rəqibin güclü və zəif tərəflərini izah etdim. Meksikalı Manuel Torresi hərtərəfli təhlil etmişdik. Yaxın məsafədən döyüşməli, ayağa zərbələrə üstünlük verməli olduğunu dedim. Bütün taktikaları danışdım, görüş vaxtı da yanında idik. Bir-birimizi başa düşdük, bütün tapşırıqları yerinə yetirdi və qələbə qazandı".

A.Nəbiyev ilk olaraq R.Fiziyevə dost kimi kömək etməyə başladığını söyləyib:

"2025-ci ildə, UFC-nin Bakıdakı ilk turnirindən üç gün əvvəl Azərbaycana gəldim. Fiziyevin həmin döyüşdəki rəqibi çilili İqnasio Bahamondes mənim kimi ucaboydur. Texnikamız da oxşar idi. Üç gün ərzində Rafael Fiziyevlə 15-20 raund birlikdə işlədik, sparrinqlər etdik. Nələr lazımdırsa, başa saldıq. Ondan sonra Fiziyev Bakıdakı ilk UFC turnirində qalib gəldi. Mənim məsləhətlərim xoşuna gəldi, dediklərimə qulaq asdı. Sonradan Tailandda birlikdə məşq etdik. Orada da dəstək oldum. Amma Avstraliyadakı döyüşünə gedə bilmədim. Həmin vaxt məğlub oldu. Rəqibi üstələməyə yaxın idi. Amma bəzi göstərişlər vaxtında verilmədi. Bu səbəbdən uduzdu".

Alim Nəbiyev Bakıdakı digər görüşlərə tam baxa bilmədiyini sözlərinə əlavə edib:

"Çünki Rafael Fiziyevin yanında idim. Saat 8-də oteldən arenaya gəlmişdik. Döyüş başlayana qədər məşqləri davam etdirirdik. Amma telefonla az da olsa, izlədim. Tahir Abdullayevin mübarizəsi xoşuma gəldi. Çox aqressiv döyüşürdü. O, dostumdur. Maraqlı görüş alındı. Düzgün məşqlər etsə, özünə yaxşı komanda yığsa, gələcəkdə böyük qələbələr qazanacaq. Nazim Sadıxovun qarşılaşmasına çox baxa bilmədik, biz həmin vaxt öz görüşümüzə hazırlaşırdıq. Uzun müddətdir UFC-də döyüşür. O, fəxrimizdir. Amma idmanda istənilən nəticə qeydə alına bilər. İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacaq. Fərman Həsənov da UFC-də debüt etdi. İlk qarşılaşmasına görə əla nəticədir. Bir az yoruldu. Onun da gələcəkdə özünü daha çox göstərəcəyinə ümid edirəm".

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.

Oxşar xəbərlər

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb
Bakıdakı UFC turnirinin əsas döyüşündə Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək
Manuel Torres: "Fiziyevə qarşı öz döyüş üslubumdan istifadə edəcəyəm"
UFC-nin Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların çəkiölçmə mərasimi keçirilib
Bakıdakı UFC turnirindən əvvəl döyüşçülər üz-üzə gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər