Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
13:50

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO - YENİLƏNİB

14 apr, 2025
13:50
622

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - FOTO - YENİLƏNİB

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik ili” elan edilməsi münasibətilə, aprelin 14-də Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda prokurorluq, hüquq mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi Qarabağ Universitetinin rektoru Şahin Bayramov açıb.

Rektor çıxışında qeyd edib ki, Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzi kimi formalaşmaq yolundadır. Şahin Bayramov xüsusilə vurğulayıb ki, Universitetin fəaliyyətində Heydər Əliyev irsinin, dövlətçilik prinsiplərinin və suverenlik dəyərlərinin təbliği əsas istiqamətlərdəndir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. O, qeyd edib ki, gənc nəslin tərbiyəsi mühüm əhəmiyyət kəsb edir, hər bir gəncimiz tariximizə ehtiramla yanaşıb onu dərindən mənimsəməli, xüsusən xalqımızın qanı bahasına əldə edilmiş suverenliyimizin təminatını özlərinə ən ümdə məqsəd bilməldirlər. Nazir, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – o cümlədən Qarabağda – təhsil infrastrukturunun yenidən qurulmasının və təhsilin keyfiyyətli şəkildə bərpasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ərazilərdə təhsil sistemi yalnız fiziki olaraq deyil, həm də mənəvi və ideoloji cəhətdən tam suveren Azərbaycan modelinə uyğun şəkildə yenidən formalaşdırılır.

Baş prokuror Kamran Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycanın hüquqi əsaslarının formalaşdırılmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Baş prokuror bildirib ki, Ümummilli liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyətinin nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub.

Həmçinin çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsi və 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində əldə edilmiş tarixi qələbənin 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə yanaşı milli qürurumuzun bərpası, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj olduğu bildirilib.

Baş prokuror, SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılmasından illər sonra, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamasını və 2024-cü ilin sentyabr ayının 20-də isə Universitetin təmirindən sonra, açılışında şəxsən iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşməsinin növbəti dəfə tarixi ədalətin bərqərar edilməsi kimi qiymətləndirib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışında Qarabağın suveren Azərbaycan dövləti çərçivəsində inteqrasiyası, dövlət idarəçiliyinin bərpası və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib, Heydər Əliyev irsinin bu prosesdə yolgöstərici rolunu xüsusi qeyd edib.

Konfrans çərçivəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimli, Xankəndi şəhər məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev, Xankəndi şəhər prokuroru Rəşadət Orucov və Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev çıxış edərək Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, hüquqi islahatlara yanaşması və suverenliyin qorunması istiqamətində atdığı addımlardan ətraflı bəhs ediblər. Məruzəçilər 1995-ci il Konstitusiyasının qəbulu ilə əsaslanan hüquqi bazanın bu gün də ölkənin inkişafına möhkəm zəmin yaratdığını bildiriblər.

Daha sonra Qarabağ Universitetinin “Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb.

Konfransda “Azərbaycanın suverenlik yolu” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

***

08.57

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, konfrans Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təşkil olunub.

Konfransda Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edir.

Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə imzalanmış 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar ölkəmizdə keçirilən silsilə tədbirlər çərçivəsində həyata keçirilir.

Bizimlə əlaqə saxlayın