Dövlət qulluqçularının rotasiyası üçün Komissiya yaradılacaq
sizinxeber.az xəbər saytı

Dövlət qulluqçularının rotasiyası üçün Komissiya yaradılacaq


Dövlət qulluqçusunun rotasiyası Qaydası təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qayda dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqların toqquşmasının qarşısının alınması, həmçinin formalaşmış təcrübənin geniş yayılması üçün dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə
keçirilməsi məqsədilə hazırlanmışdır.

Dövlət qulluqçusu rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur.

Dövlət orqanlarında dövlət qulluqçularının rotasiyasının təşkili məqsədilə Rotasiya komissiyası yaradılır. Komissiya dövlət orqanının rəhbəri tərəfindən təyin edilən 5 (beş) nəfərdən – sədr və 4 üzvdən ibarət olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini Komissiyanın sədri təyin edilir. Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə
səlahiyyətli müavini olmadıqda kadr qurumunun rəhbəri, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxs Komissiyanın sədri təyin edilir. Komissiyanın sədri Komissiyanın işinə rəhbərlik edir və bu Qaydanın 4.4-cü bəndində göstərilən vəzifələrin vaxtında, dolğun və obyektiv icrasına nəzarət edir.

Komissiya öz fəaliyyətini ildə azı 2 (iki) dəfə çağırılan iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. Xidməti zərurətlə əlaqədar Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiya öz qərarını açıq səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edir və həmin qərar dövlət orqanının rəhbəri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Komissiyanın iclasları protokolla rəsmiləşdirilir, Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Komissiya rotasiyanın nəticələrinə uyğun olaraq dövlət orqanının rəhbərinə rotasiya olunanın vəzifədə irəli çəkilməsi, əlavə təhsili, rotasiya müddətinin uzadılması və mükafatlandırılması barədə təklif təqdim edə bilər.

Komissiya rotasiyalar barədə qərarı 5 (beş) iş günündən gec olmayaraq orqanın rəhbərinə təqdim edir. Dövlət orqanının rəhbəri Komissiyanın qərarını və tövsiyələrini nəzərə alaraq Qanunun tələblərinə əsasən müvafiq qərar qəbul edir.

Oxşar xəbərlər

Yaşadığı yerdən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına aylıq 250 manat kompensasiya ödəniləcək
Azərbaycanda ötən il 350-yə yaxın dövlət qulluqçusu cəzalandırılıb
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları hazırlanacaq
Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər