
Ötən il büdcə vəsaitin 6.6 mlrd. manatdan çoxu dekabrda xərclənib

Ötən il büdcə vəsaitin 6.6 mlrd. manatdan çoxu dekabrda xərclənib
Əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsi vəsaitin əhəmiyyətli hissəsi (6 mlrd. 674,6 mln. manat) dekabr ayında xərc edilib ki, bu da 2024-cü ildə icra olunmuş cəmi dövlət büdcəsi xərclərinin 17,7%-nə bərabərdir (2023-cü ildə 20%).
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, təhlillər dekabr ayı üzrə icra məbləğinin digər aylar üzrə orta aylıq icra məbləğindən (2821,6 mln. manat) 2,4 dəfə çox olduğunu göstərib.
Proqnozla müqayisədə ən yüksək icra səviyyəsi 162,6% təşkil etməklə fevral ayında qeydə alınıb. Məlumatların təhlili fevral ayında proqnozdan artıq icra edilmiş 1359,3 mln. manatın təxminən 900,0 mln. manatının müdafiə və milli təhlükəsizlik xərcləri, kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyalar və İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitlə əlaqədar olduğunu göstərmişdir. Proqnozla müqayisədə ən aşağı icra səviyyəsi 60,2% təşkil etməklə iyul ayında qeydə alınmışdır. Aparılan təhlillər aşağı icranın əsasən müdafiə və milli təhlükəsizlik, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, eləcə də dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilə bağlı olduğunu deməyə imkan vermişdir. İyul ayında proqnozla müqayisədə əhəmiyyətli aşağı icra müvafiq ayda dövlət büdcəsinə yenidən baxılma nəticəsində dövlət büdcəsi xərclərinin proqnozunun artırılması ilə izah edilir. İyul ayı üzrə qeydə alınmış bu meyil dekabr ayı istisna olmaqla digər aylar üçün də xarakterik olmuşdur. Ümumilikdə isə xərclər proqnozla müqayisədə ilin birinci yarısında 2,3 mlrd. manat çox, ikinci yarısında isə 4,3 mlrd. manat aşağı icra edilib.