Hesablama Palatasının sədri: Cari və əsaslı xərclərin dəqiqləşdirilməsinə ehtiyac var
sizinxeber.az xəbər saytı

Hesablama Palatasının sədri: Cari və əsaslı xərclərin dəqiqləşdirilməsinə ehtiyac var


“Cari və əsaslı xərclərin dəqiqləşdirilməsinə ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Hesablama Palatasının sədri qeyd edib ki, təqdim olunan hesabatda icra edilmiş dövlət büdcəsində cari xərclər 21,3 mlrd. manat, əsaslı xərclər 15,1 mlrd. manat, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri isə 1,3 mlrd. manat təºkil etdiyi göstərilib: “Bizim apardığımız hesablamalar bu bölgünü təsdiq etmir. Belə ki, xarici kreditlər üzrə layihələrdə pay iştirakının məbləği “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq əsaslı xərc deyil. Lakin hesabatda əsaslı xərc kimi göstərilib. Eyni zamanda, Məqsədli Büdcə Fondunun xərci kimi əks olunan məbləğin bir hissəsi cari xərcdir. Bundan başqa, Ehtiyat Fondundan 1 layihəyə ayrılan vəsait mahiyyət etibarı ilə cari olsa da, əsaslı kimi təsnifləşdirilib. Bundan əlavə, cari xərc kimi qeyd edilən bir sıra istiqamətlər üzrə əsaslı xərclər aparılıb. Hesab edirik ki, təbii resursla zəngin dövlətlərdə makrofiskal diaqnostika üzrə tətbiq edilən göstərici olan cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülməsi göstəricisinin hesablanmasına zərurətin olması şəraitində xərc komponentintinin doğruluğunu artırmalıyıq. Bu həm də bu göstəricinin düzgün hesablanmasına xidmət edər”.

Dövlət proqramlarına ayrılan vəsaitin bir hissəsi icra edilməyib

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, aparılmış təhlillər bəzi hallarda dövlət proqramları və məqsədli tədbirlər üzrə kassa icrasına aid edilmiş vəsaitlərin bir hissəsinin istifadə edilmədiyini və ya bank hesablarında qaldığını göstərib. Bu isə dövlət büdcəsinin icrası barədə illik hesabatda əks etdirilən məbləğlərə təsir edib.

Üç dövlət proqramı üzrə nəzərdə tutulan vəsait icra edilməyib

Üç dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, vəsait icra edilməyib. 2024-cü ilin dövlət büdcəsi hesabına icra edilmiş dövlət proqramlarının təqdim olunan siyahısında müddəti bitmiş 2 proqrama 10 mln. manat və 2,8 mln. manat vəsait ayrılıb.

Debitor borcun məbləği 5,9 mln. manata çatıb

Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən hesabat ilinin sonuna dövlət büdcəsinin xərcləri üzrə yaranan debitor borcların (qabaqcadan ödənişlərin) məbləği 5991,0 mln. manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 35,0% çoxdur. 2024-cü ilin sonuna mövcud olan debitor borcun məbləği həmin ildə icra edilmiş cəmi büdcə xərclərinin 15,9%-nə, aidiyyəti xərclərin (iqtisadi təsnifat üzrə) isə 23,7%-nə bərabərdir. Hər iki göstərici üzrə əvvəlki illə müqayisədə müvafiq olaraq 3,7 və 7,1 faiz bəndi artım izlənilib: “Debitor borcların artan yekunla hesablanaraq əks etdirilməsi səbəbindən debitor borcların icra edilmiş xərclərə nisbət göstəricisi şərti xarakter daşıyır. Belə ki, müvafiq məbləğlərə əvvəlki büdcə illərindən yaranaraq bağlanmamış borclar da daxildir. İl sonuna debitor borcların əvvəlki ilə nəzərən artımı icra edilmiş xərclərin artımını (3,4%) 31,6 faiz bəndi üstələməklə 35,0% təşkil edib”.

Oxşar xəbərlər

Hesablama Palatasının sədri: Cari ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var
Naxçıvan Muxtar Respublikası üzrə investisiyaların icra səviyyəsi aşağı olub
Hesablama Palatasının sədri: Əsas kapitala yönəldilən investisiya xərclərinin təkmilləşdirilməsinə ehtiyac var
Keçən ilin dövlət büdcəsinin icrasıyla əlaqədar əsas məqamlar açıqlanıb
Gələn il dövlət büdcəsindən maliyyələşdiriləcək layihələrin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər