Keçən ilin dövlət büdcəsinin icrasıyla əlaqədar əsas məqamlar açıqlanıb
sizinxeber.az xəbər saytı

Keçən ilin dövlət büdcəsinin icrasıyla əlaqədar əsas məqamlar açıqlanıb


Büdcə qaydasının əməl olunmasına təsir edən amillər

“Apardığımız təhlillər büdcə qaydasının hər 2 göstəricisinin müəyyən edilmiş hədəflər çərçivəsində olduğunu göstərir”.

Sizinxeber.az-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, buna müvafiq olaraq icmal büdcə xərclərinin proqnozdan az, icmal büdcənin qeyri-neft gəlirlərinin çox, eyni zamanda ümumdaxili məhsulun (ÜDM) proqnozdan çox, dövlət borcunun məbləğinin isə nəzərdə tutulandan az olması töhfə verib.

Büdcədəki dəyişikliklərin həcmi azalıb

2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 mlrd. manat məbləğində icra edilib ki, bu da 2023-cü illə müqayisədə 3,4% çox, proqnozla müqayisədə isə 5,1% azdır. Təsdiq olunmuş büdcə ayırmaları həddində edilmiş dəyişikliklərin həcmi əvvəlki illə müqayisədə azalıb: “Hesab edirik ki, qanunvericilikdə təsbit edilmiş müvafiq dəyişikliklərə imkan verən maddələrə ötən illə müqayisədə daha az müraciət edilməsi hesabat ilində dövlət büdcəsinin icra faizinə təsir edib”.

Digər büdcələrə transfert və ayırmaların həcmi azalıb

Hesablama Palatasının sədri qeyd edib ki, hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 7,4%-i və yaxud 2792,9 mln. manatı digər büdcələrə ayırmalar və transfertlərlə bağlı olub. Bu da 2023-cü illə müqayisədə 260,7 mln. manat (8,5%), proqnozla müqayisədə isə 151,6 mln. manat (5,1%) azdır. Dövlət sosial müdafiə fonduna ayrılan vəsaitin və Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiyanın azalması dövlət büdcəsindən cəmi transfert və ayırmalarda azalmanı şərtləndirib.

Hesablama Palatası gəlir və xərclər üzrə üzləşdirdiyi rəqəmləri açıqlayıb

Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2024-cü ildə 36,0 mlrd. manat təhlillə əhatə edilib: “Bu da dövlət büdcəsinin ümumi gəlirlərinin (37,2 mlrd. manat) 96,7%-nə bərabər olub. Aidiyyəti qurumlardan alınmış hesabatlardakı müvafiq göstəricilərin 2024-cü il dövlət büdcəsinin icrasına dair illik Hesabatda əks etdirilmiş göstəricilərlə əsasən uyğunluq təşkil etdiyi müəyyən olunub.

Hesablama Palatası tərəfindən 2024-cü ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 173 qurum (istiqamət) üzrə 32,1 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2%-ni təşkil edir.

Oxşar xəbərlər

Hesablama Palatasının sədri: Əsas kapitala yönəldilən investisiya xərclərinin təkmilləşdirilməsinə ehtiyac var
Naxçıvan Muxtar Respublikası üzrə investisiyaların icra səviyyəsi aşağı olub
Hesablama Palatasının sədri: Cari və əsaslı xərclərin dəqiqləşdirilməsinə ehtiyac var
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub
Gələn il dövlət büdcəsindən maliyyələşdiriləcək layihələrin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər