Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
19:00

Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur

04 in, 2025
19:00
985

Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur

Azərbaycanda gücü təxminən 250 meqavat, saxlama həcmi isə 500 meqavat/saat olan batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya edilir.

“Report” xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, Cənubi Qafqaz regionu üzrə bu miqyasda ilk belə layihədir.

Y. Qarayev vurğulayıb ki, akkumulyator batareyası tipli saxlanc sistemləri bərpa olunan enerji mənbələrinin effektiv və təhlükəsiz şəkildə idarə olunması üçün əsas şərtlərdən biridir:

“Bərpa olunan enerjini enerji sisteminə inteqrasiya edib onu təhlükəsiz şəkildə idarə etmək üçün iki əsas amil vacibdir. Birincisi, enerji sisteminin qonşu ölkələrin enerji sistemləri ilə güclü inteqrasiyası və rabitəsinin olmasıdır. Belə olduqda, saxlanc sistemlərinə ehtiyac azalır. Lakin Azərbaycanın enerji sistemi bu baxımdan məhdud imkanlara malikdir. Bu səbəbdən, ölkə üzrə 2 giqavatlıq bərpa olunan enerji gücünün idarə olunması məqsədilə gücü 250 meqavat, saxlama həcmi 500 meqavat/saat olan batareya saxlanc sistemləri enerji sisteminə inteqrasiya edilir”, - deyə Y. Qarayev bildirib.

O əlavə edib ki, bu sistemin 2025-ci ilin sonunadək şəbəkəyə qoşulması nəzərdə tutulur.

“Belə böyük həcmdə enerji saxlanc sistemi indiyədək nə Cənubi Qafqaz ölkələrində, nə də Türkiyə və Rusiyanın enerji şəbəkələrində tətbiq olunmayıb. Bu layihə regionda ilk və ən iri həcmli enerji saxlanc sistemi olacaq”, - deyə “AzərEnerji” ASC-nin rəsmisi vurğulayıb.

Bizimlə əlaqə saxlayın