Asxat Xasenov: “Bakı-Supsa kəməri "KazMunayQaz"ın diqqət mərkəzində qalmağa davam edir” - EKSKLÜZİV
Bakı-Supsa neft kəməri "KazMunayQaz" (KMQ) şirkətinin diqqət mərkəzində qalmaqdadır, lakin indiki mərhələdə Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutuna üstünlük verilir.
Bunu “Sizinxeber.az”a şirkətin İdarə Heyətinin sədri Asxat Xasenov 30-cu Bakı Enerji Forumunun kuluarlarında bildirib.
"Bakı-Supsa bizim üçün nəzərdən keçirdiyimiz keyslərdən biri olaraq qalır, lakin hazırda əsas səylərimiz Bakı-Tbilisi-Ceyhan istiqamətinə yönəlib. Biz müvafiq saziş imzalamışıq və hər il nəql olunan neftin həcmini artırırıq. Bizim cari vəzifəmiz sabit nəqli təmin etmək və bu marşrutun iqtisadi parametrlərini yaxşılaşdırmaqdır", - A.Xasenov qeyd edib.
O vurğulayıb ki, marşrut seçimində iqtisadi məqsədəuyğunluq həmişə əsas amil olaraq qalır: "İqtisadiyyat müəyyənedici amildir. Biz BTC istiqamətində fəal işləməyə davam edirik və fikrimcə, oradakı dinamika çox müsbətdir. Bakı-Supsa kəmərinə gəlincə, bu istiqamətdə daha dərin iqtisadi qiymətləndirmə tələb olunur".
"KazMunayQaz"ın rəhbəri həmçinin şirkətin və beynəlxalq tərəfdaşların - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Tatneft" və "Uzbeknefteqaz" SC-nin iştirakı ilə üç yeni sazişin imzalandığını xatırladıb.
"Bu sazişlərdən ikisi Azərbaycanda imzalanıb və sənaye təhlükəsizliyi və rəqəmsal həllər sahəsini əhatə edir. Dekarbonizasiya məsələlərinə dair üçüncü sənəd isə Astana Beynəlxalq Forumu çərçivəsində imzalanıb. Söhbət karbon tutulması, "yaşıl hidrogen" və bərpa olunan enerjinin inkişafından gedir", - o izah edib.
A.Xasenovun sözlərinə görə, hər bir şirkətin bu istiqamətlərdə öz planları var: "İndi biz səylərimizi birləşdirir, texnologiyaları bölüşür və sinergiya hesabına əhəmiyyətli iqtisadi effekt gözləyirik".
Xatırladaq ki, 2022-ci ildə KMQ və SOCAR arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb. 2023-cü ilin martında “Kaşağan” yatağından Azərbaycan ərazisi ilə 7 min ton neftin sınaq nəqli həyata keçirilib.
2024-cü ilin mart ayında KMQ və SOCAR arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənədə əsasən, tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılması planlaşdırılır.
Bundan əlavə, 2025-ci il yanvarın 15-də “SOCAR Midstream Operations” LLC "KazMunayQaz"ın törəmə şirkəti olan “KMG Trading” ilə ildə 240 min ton “Kaşağan” neftinin tranziti haqqında saziş imzalayıb. Yanvarın 25-də Aktau limanında tankerə yüklənən təxminən 6 min ton həcmində “Kaşağan” neftinin birinci partiyası yanvarın 27-də Səngəçal terminalına çatıb.
Xəbər verildiyi kimi, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib. 2024-cü ildə BTC ilə 1,4 milyon ton Qazaxıstan neftinin tranziti həyata keçirilib. 2025-ci il üçün BTC üzrə plan 1,7 milyon ton təşkil edir.
Qazaxıstan neftinin Azərbaycan ərazisindən ümumi tranzit həcmi 3 milyon tona çatıb.
Oxşar xəbərlər
Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
SOCAR: Bakı-Supsa kəməri Qara dənizdəki NEZ-də neft emalı üçün strateji əhəmiyyətini qoruyur
Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
