
Orxan Zeynalov: “İstilik enerji sahəsinə özəl sektorun investisiyalarının cəlb olunmasına şərait yaradılacaq"

Orxan Zeynalov: “İstilik enerji sahəsinə özəl sektorun investisiyalarının cəlb olunmasına şərait yaradılacaq"
Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsinin qəbul edilməsi bu sahəyə özəl sektorun investisiyalarının cəlb olunmasına şərait yaradacaq.
“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Milli Məclisdə sözügedən qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu sənəd istilik təchizatı subyektləri, istehlakçılar və sektorda fəaliyyət göstərən digər qurumlar arasında münasibətləri tənzimləyəcək ilk normativ hüquqi akt olacaq. O xatırladıb ki, Prezidentin 2022-ci il 29 aprel tarixli sərəncamı ilə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər çərçivəsində bu qanun layihəsinin hazırlanması tapşırılıb.
Nazir müavini əlavə edib ki, yeni qanunun qəbulu istilik təchizatı sistemlərinin tətbiqini məcburi edəcək, enerji resurslarına qənaətə və ətraf mühitə atılan emissiyaların azaldılmasına xidmət edəcək:
“Qaz sərfiyyatının azalması prinsip etibarilə emissiyaların da əhəmiyyətli dərəcədə azalması deməkdir. Bununla yanaşı, qanun müvafiq subyektlər arasında münasibətlərin tənzimlənməsinə və sahəyə özəl investisiyaların cəlb olunmasına imkan yaradacaq”.
O. Zeynalov həmçinin vurğulayıb ki, qanun qüvvəyə mindikdən sonra əsas məqsəd çoxmənzilli binalarda mənzillərin vahid istilik mənbəyi ilə təmin olunmasıdır.