Taalaybek İbrayev: "Qırğızıstan Azərbaycandan neft və neft məhsullarının tədarükünü artırmağı planlaşdırır" - MÜSAHİBƏ
sizinxeber.az xəbər saytı

Taalaybek İbrayev: "Qırğızıstan Azərbaycandan neft və neft məhsullarının tədarükünü artırmağı planlaşdırır" - MÜSAHİBƏ


Qırğızıstan və Azərbaycan neft və neft məhsullarının tədarükü də daxil olmaqla, enerji sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, həmçinin hidroenergetika sahəsində birgə layihələr həyata keçirirlər.

Bakı Enerji Həftəsi çərçivəsində "Sizinxeber.az"a müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qüvvədə olan müqavilələr, Azərbaycandan yanacaq tədarükü həcminin artırılması planları, eləcə də hər iki ölkə arasında enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair perspektivlər barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Daha əvvəl siz Qırğızıstanın Azərbaycandan neft tədarükündə maraqlı olduğunu və SOCAR ilə danışıqların aparıldığını qeyd etmişdiniz. Bu istiqamətdə hansı irəliləyişlər əldə olunub?

- Bizim neft treyderlərimizin artıq SOCAR-la neft və neft məhsullarının tədarükünə dair qüvvədə olan müqavilələri var. Bu müqavilələr bu gün də davam edir.

Yaxın vaxtlarda SOCAR prezidenti ilə ikitərəfli görüşümüzün keçirilməsi planlaşdırılır. Görüş zamanı mən Qırğızıstana neft və neft məhsullarının – ayda təqribən 20-30 min ton benzin və dizel yanacağının – tədarük həcminin artırılması məsələsini qaldırmaq niyyətindəyəm. Hazırda çöl işlərinin başlandığını və turizm mövsümünün yaxınlaşdığını nəzərə alsaq, ölkəmizdə yanacaq-sürtkü materiallarının istehlakı artacaq. Buna görə də biz əvvəllər əldə olunmuş razılaşmalar çərçivəsində tədarük həcmlərinin artırılmasını xahiş edəcəyik.

Biz SOCAR ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırıq. Bizdə dostluq və konstruktiv münasibətlər formalaşıb və Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirmək istərdim. Dövlət başçıları səviyyəsində göstərilən siyasi dəstək sayəsində ölkələrimiz arasında həqiqətən qardaşlıq münasibətləri formalaşıb.

Həmçinin qeyd etmək istəyirəm ki, İssık-Kul gölü sahilində Azərbaycana torpaq sahəsi ayrılıb, orada hazırda Azərbaycan hotelinin inşası başa çatmaq üzrədir - obyekt bizim tərəfimizdən demək olar ki, tam olaraq elektrik enerjisi ilə təmin edilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə də yaxşı işgüzar münasibətlər qurmuşuq.

- 2025-ci ilin dekabrında Hökumətlərarası Komissiya çərçivəsində SOCAR ilə Qırğızıstanın yanacaq-enerji kompleksi strukturları arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib. Yanacaq-sürtkü materiallarının tədarükündən tutmuş enerji resurslarının kəşfiyyatı, hasilatı və emalı sahəsində birgə layihələrə keçid üzrə danışıqlar bu gün hansı mərhələdədir?

- Mən bundan əvvəl COP29-da (2024-cü ilin noyabrında - red.) iştirak etmək üçün Azərbaycanda olmuşam. Azərbaycan tərəfi ilə hər bir görüşümüz fəal və səmərəli keçir. Hesab edirəm ki, biz enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. Buna görə də əminəm ki, gələcəkdə ölkələrimizin enerji istiqamətində fəal şəkildə birgə işləyəcəyini hələ eşidəcəksiniz.

- Qırğızıstan Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən "yaşıl dəhliz" layihəsinə qoşulmaq niyyətində olduğunu bəyan edib. Qırğızıstanın bu təşəbbüsə qoşulması ilə bağlı müzakirələr bu gün hansı mərhələdədir?

- Biz hazırda bu məsələni hər üç ölkə ilə razılaşdırmalıyıq. Ümid edirəm ki, bizim energetika nazirlərimiz bunu başa düşürlər və biz mütləq bu layihədə iştirak edəcəyik.

- Qırğızıstan ərazisində energetika sahəsindəki investisiya layihələrində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı danışıqlar aparılırmı?

- Bizim energetika sahəsinə aid bir sıra layihələrimiz var. Bunlar əsasən su elektrik stansiyaları (SES) ilə bağlı layihələrdir. Yaxın günlərdə biz SES-lərin tikintisində iştirak etməkdə maraqlı olduğunu bildirən bir Azərbaycan şirkəti ilə görüş keçirəcəyik.

Əməkdaşlığa açığıq və bütün maraqlı tərəfləri dəvət edirik. Bizim iri layihələrimiz var və bildiyiniz kimi, ölkəmiz su ehtiyatları ilə zəngindir, buna görə də əsas diqqət hidroenergetikanın inkişafına yönəldilir.

Öz növbəmizdə, biz kabel məhsulları da daxil olmaqla, əhəmiyyətli həcmdə enerji avadanlıqları istehsal edən Azərbaycanın potensialını da nəzərə alırıq.

- Kambarata SES-1 tikintisi layihəsinin icrası hansı mərhələdədir?

- Kambarata SES-1 - regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və su-enerji balansı məsələləri də daxil olmaqla Mərkəzi Asiyanın enerji sistemlərinin dayanıqlılığının artırılmasına yönəlmiş milli strateji meqalayihədir. Hazırda biz üç ölkə arasında saziş üzərində iş aparırıq.

Oxşar xəbərlər

Taalaybek İbrayev: “Qırğızıstan Azərbaycandan neft almaqda maraqlıdır” - EKSKLÜZİV
Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - YENİLƏNİB
SOCAR Hindistanın ONGC, MRPL şirkətləri ilə enerji əməkdaşlığını genişləndirir
SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər