Tahir Mirkişili: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu bir daha nümayiş etdirdi
sizinxeber.az xəbər saytı

Tahir Mirkişili: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu bir daha nümayiş etdirdi


Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında açıqca bəyan etdi ki, “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji.” Bu ifadə öz-özlüyündə bir siyasi xəritəni ortaya qoyur: Azərbaycan enerji keçidini əvəzetmə kimi deyil, genişlənmə kimi görür.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

“Bakı Enerji Həftəsi” artıq qlobal enerji gündəliyinin əsas platformalarından biridir

Deputat bildirib ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun, həyata keçirdiyi enerji strategiyasının və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin kompleks təqdimatı idi: “30 il əvvəl regional xarakter daşıyan Xəzər Neft və Qaz Sərgisinin bu gün “Bakı Enerji Həftəsi” adı altında dünyanın ən nüfuzlu enerji platformalarından birinə çevrilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə rəsmi məktub ünvanlaması da bunun təsdiqidir. Bu gün Bakı təkcə enerji istehsalçılarının deyil, enerji siyasətinin gələcəyinin müzakirə olunduğu qlobal platformaya çevrilib. Bu, Azərbaycanın enerji sahəsində qazandığı etimadın və nüfuzun nəticəsidir”.

“Enerji məsələlərində praqmatik yanaşma özünü doğruldub”

Tahir Mirkişili qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri uzun illər neft və qaz sənayesinə qarşı aparılan əsassız kampaniyalara münasibət olub:

“Son illər müəyyən dairələr tərəfindən neft və qaz sənayesinə qarşı aparılan ideoloji yanaşmaların praktikada özünü doğrultmadığını dünya gördü. Bu gün qlobal iqtisadiyyatın, sənayenin və sosial rifahın əsas sütunlarından biri enerji təhlükəsizliyidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dünya hələ uzun illər faydalı qazıntılar olmadan yaşaya bilməyəcək. Ona görə də enerji siyasətində ideoloji deyil, praqmatik yanaşma vacibdir. Azərbaycan da məhz bu siyasəti həyata keçirir. Bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə olunur, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinə milyardlarla dollar investisiya yatırılır”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa enerji məsələlərinin “yenidən normal məcraya qaytarılması” ilə bağlı təşəkkürü də məhz bu praqmatik yanaşmanın əhəmiyyətini ortaya qoyur: “Enerji məsələləri siyasi kampaniyaların deyil, iqtisadi reallıqların və insanların rifahının prizmasından qiymətləndirilməlidir”.

“1994-cü ildə başlanmış enerji strategiyası Azərbaycanın taleyini dəyişdi”

Tahir Mirkişili nəzərə çatdırıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu enerji strategiyası dayanır: “1994-cü ildə imzalanan ‘Əsrin müqaviləsi’ Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkə son dərəcə ağır vəziyyətdə idi. Ərazilərimizin 20 faizi işğal altında idi, bir milyondan çox qaçqın və məcburi köçkün vardı, yoxsulluq səviyyəsi 50 faizdən artıq idi, ölkə elektrik enerjisi və qaz idxal edirdi. İqtisadiyyat iflic vəziyyətində idi. Bu gün isə tamamilə fərqli Azərbaycan görürük. Həyata keçirilən enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcı iqtisadiyyatlarından birinə çevrilib. Bu gün yoxsulluq səviyyəsi 5 faiz civarındadır. İşsizlik minimum həddədir. Xarici borc ÜDM-in təxminən 6 faizini təşkil edir. Dövlət ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Azərbaycanın investisiya reytinqi ildən-ilə yüksəlir. Bütün bunlar enerji gəlirlərinin düzgün idarə olunmasının nəticəsidir”.

“Enerji gəlirləri insanların rifahına yönəldilib”

Deputatın sözlərinə görə, Azərbaycanın uğurunun əsas səbəbi enerji sektorundan əldə edilən vəsaitlərin insan kapitalına və sosial inkişafa yönəldilməsidir: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələr sahib olduqları təbii sərvətlərə görə deyil, həmin sərvətlərdən əldə etdikləri gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanda enerji gəlirləri məktəblərin, xəstəxanaların, yolların tikintisinə, regionların inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə yönəldilib. Bu gün Azərbaycanın sosial göstəricilərində müşahidə olunan müsbət dinamikanın əsasında məhz bu siyasət dayanır”.

“Güclü iqtisadiyyat güclü ordu qurmağa imkan verdi”

Tahir Mirkişili qeyd edib ki, enerji siyasətinin ən mühüm nəticələrindən biri ölkənin müdafiə potensialının gücləndirilməsi olub: “Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycan güclü iqtisadiyyat hesabına güclü ordu qurdu. Əlbəttə, Vətən müharibəsində qələbənin əsasını xalqımızın iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı təşkil edirdi. Lakin müasir ordunun formalaşdırılması üçün güclü iqtisadi baza da vacib idi. Nəticədə Azərbaycan cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi”.

“Azərbaycan artıq investor ölkəyə çevrilib”

Deputat son 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolunun iqtisadi statusunu da dəyişdiyini söyləyib: “30 il əvvəl Azərbaycan xarici investisiyalara ehtiyac duyan ölkə idi. Bu gün isə Azərbaycan özü xarici ölkələrə investisiya yatıran dövlətə çevrilib. SOCAR artıq Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada iri layihələr həyata keçirir. Bu, ölkəmizin maliyyə imkanlarının və iqtisadi gücünün göstəricisidir. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər Azərbaycanın enerji təhlükəsizliyi baxımından son dərəcə güclü mövqeyə malik olduğunu göstərir. Mövcud qaz ehtiyatlarımızın ən azı növbəti 100 il ərzində ölkənin və tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət etməsi çox mühüm göstəricidir. Eyni zamanda ‘Azəri-Çıraq-Günəşli’ Dərin Qaz layihəsi, Abşeron yatağı və digər perspektiv layihələr Azərbaycanın qaz ixracı imkanlarını daha da genişləndirəcək”.

“Azərbaycan enerji keçidində balanslı model nümayiş etdirir”

Tahir Mirkişili Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerjiyə də ciddi sərmayələr yatırdığını xatırladıb: “Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda artıq yüzlərlə meqavatlıq hidroenerji layihələri istifadəyə verilib. Bu, Azərbaycanın enerji təhlükəsizliyi ilə yaşıl keçid arasında düzgün balans yaratdığını göstərir”.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin vacib iştirakçısına çevrilib”

Tahir Mirkişili bildirib ki, TANAP və TAP layihələri Avropanın enerji xəritəsini dəyişdirən strateji layihələrdir: “Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Onlardan 10-u Avropa İttifaqının üzvüdür. Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdırdığı nüfuz məhz həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Azərbaycan həmçinin Xəzərin şərq sahilində yerləşən ölkələr üçün mühüm tranzit platformasına çevrilib. Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın rolu ildən-ilə artır”.

“Zəngəzur dəhlizi yeni iqtisadi imkanlar yaradacaq”

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında toxunduğu mühüm məsələlərdən biri də Zəngəzur dəhlizi layihəsi olub: “Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi regionun iqtisadi və nəqliyyat xəritəsini dəyişəcək. Bu layihə yalnız nəqliyyat deyil, həm də enerji, logistika və ticarət baxımından yeni imkanlar yaradacaq. Avqustun 8-də Ağ Evdə imzalanmış sənəd bu istiqamətdə mühüm siyasi baza formalaşdırıb”.

“Azərbaycanın uğurunun əsas səbəblərindən biri güclü diplomatiyadır”

Tahir Mirkişili hesab edir ki, Azərbaycanın enerji siyasətində əldə etdiyi nailiyyətlərin əsasında uğurlu diplomatiya dayanır: “Dünya okeanlarına çıxışı olmayan bir ölkənin enerji resurslarını onlarla dövlətə çatdırması asan məsələ deyil. Bunun üçün həm qonşularla, həm də region ölkələri ilə etimada əsaslanan münasibətlər qurulmalıdır. Azərbaycan bunu bacarıb. Məhz buna görə də bu gün ölkəmiz qlobal enerji təhlükəsizliyinin vacib iştirakçılarından biri hesab olunur. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun mahiyyətini bir daha ortaya qoyur. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər düzgün idarə olunduqda onlar yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də milli təhlükəsizliyin, sosial rifahın, beynəlxalq nüfuzun və dayanıqlı inkişafın əsas dayaqlarından birinə çevrilə bilər”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib
Haysam əl-Qays: OPEC Bakı Enerji Həftəsinin əsas məsələlərin həllinə yönəlmiş yanaşmasını alqışlayır
Bakı Enerji Həftəsi başlayıb
İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
İlham Əliyev: Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər