
Vüsal Xəlilov: "İl ərzində ümumi lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38,8 milyard manatı keçib"

Vüsal Xəlilov: "İl ərzində ümumi lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38,8 milyard manatı keçib"
"Son ildə siyasət və nəzarət prizmasında ölkəmizdə artıq 18 elektron təşkilat, səkkiz ödəniş təşkilatı və iki operator fəaliyyət göstərir".
Sizinxeber.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov bu gün keçirilən Bakı Fintex Forumu çərçivəsində "Dayanıqlı fintex ekosisteminin qurulması" mövzusunda panel müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, bu il ərzində ümumi lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38.8 milyard manatı keçib.
"Bu, böyük rəqəmdir, biz bu rəqəmin və təşkilatların dayanıqlığının artacağını düşünürük".
"Məqsədimiz ondan ibarətdir ki, lisenziya almış təşkilatların institusional inkişafını təmin edək, onların daxil olduqları sistemlər, daxil olduqları proseslər, strukturlar onların qarşısında olan çağırışlarla effektiv mübarizəni təmin etsin.
Bu səbəbdən biz həm klassik nəzarət mexanizmləri həyata keçiririk, həm də 2024-26-cı illər strategiyasında öz əksini tapan riskəsaslı nəzarət üzərində çalışırıq. Müasir süni intellekt modelləri nəzarət prosesini daha effektiv aparmağa imkan verir. Eyni zamanda, biz başa düşürük ki, bu sektor, texnologiya çox inkişaf edir", - V.Xəlilov əlavə edib.
O vurğulayıb ki, bir sıra qaydalarda və qanunlarda planlaşdırılan dəyişikliklər sektor iştirakçılarının rəyi nəzərə alınaraq edilir:
"Çünki hər tərəfin fikrini öyrənmək, onların baxışını anlamaqla daha uyğun, düşünülmüş, Mərkəzi Bankın mandatına uyğun olan qərarlar verməyə çalışırıq".