"Yaxın aylarda Ermənistanın yeni konstitusiyasının mətni ictimaiyyətə təqdim olunacaq və bu sənəddə Müstəqillik Bəyannaməsi xatırlanmayacaq".

Oxu.Az Ermənistan mediasına istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan məlumat verib.

"Əvvəllər də qeyd etdiyim kimi, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə heç bir istinad yer almamalıdır", - deyə hökumət başçısı vurğulayıb.

Söhbət Ermənistanın əsas qanununun 1-ci maddəsindən gedir. Həmin maddə Respublika Ali Sovetinin 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsinə istinad edir. Öz növbəsində, bu bəyannamənin əvvəlində Ermənistan SSR və Qarabağ separatçılarının 1989-cu il tarixli "birləşmə haqqında" birgə qərarına istinad mövcuddur.

Ermənistan Konstitusiyasından bu bəyannaməyə istinadın çıxarılması Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biridir.

Baş nazirin sözlərinə görə, yeni konstitusiyada bəyannaməyə istinadın saxlanılması "Qarabağ hərəkatı"nın davam etdirilməsi demək olardı. O bildirib:

"Biz buna yol verə bilmərik, xüsusən də xalqımızın sülhə səs verdiyi 2026-cı il milli seçkisindən sonra. İndi sülh gündəliyi artıq milli gündəliyə çevrilib".

Bununla yanaşı, Paşinyan Azərbaycanla sülhün qorunub saxlanılmasını və möhkəmləndirilməsini "hökumətin ən prioritet vəzifəsi" adlandırıb.