Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində vahid sivilizasiya kodu, ümumi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır.

Müstəqillik dövründə daha da möhkəmlənərək nümunəvi xarakter alan münasibətlər qarşılıqlı anlaşma, etimad və hörmət əsasında son illər misli görünməmiş ən yüksək inkişaf pilləsinə ‒ müttəfiqlik səviyyəsinə daxil olub. Hər iki ölkənin dövlət başçılarının ənənəyə çevrilmiş qarşılıqlı səfərləri və imzalanan mühüm sazişlər əlaqələrin məzmununu daha da zənginləşdirib, hərtərəfli keyfiyyət dəyişiklikləri yaradıb.

Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş dəfə səfər etməsi, eləcə də Prezident Şavkat Mirziyoyevin Azərbaycana mütəmadi xarakter alan səfərləri münasibətlərin yeni inkişaf mərhələsində daim irəlilədiyini nümayiş etdirməkdədir.

Ötən il imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” strateji əlaqələrin hüquqi çərçivəsi olmaqla, bütün istiqamətlərdə müəyyən edilmiş hədəf və prinsiplərə çatmağa güclü zəmin yaradıb.

Tərəflər ikitərəfli və regional strateji məsələlərdə vahid ortaq mövqe sərgiləməklə siyasi, iqtisadi-sosial və digər sahələrdə möhtəşəm uğurlara nail olublar. İqtisadi mübadilə, tranzit daşımaları son illərin ən rekord göstəricilərinə çatıb.

Dayanıqlı və sarsılmaz siyasi-iqtisadi arxitektura üzərində daha da möhkəmlənən münasibətlər avqustun 23-də cənab İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri çərçivəsində tamamilə yeni məzmun daşıması ilə yadda qaldı.

Azərbaycan və Özbəkistan Liderləri tərəfindən Daşkənddə imzalanan tarixi sənəd – “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” qardaşlığın misilsiz gücünü və qüdrətini nümayiş etdirir.

Prezident Mirziyoyevin vurğuladığı kimi, bu sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir. Eləcə də, Xankəndi və Naxçıvan şəhərlərinin Ürgənc ilə, Laçının isə Buxara şəhəri qardaşlaşmasına dair imzalanan sənədlər milli-tarixi birliyin, türk irsinin zəngin keyfiyyətinin və ali dəyərlərin nümunəsidir.

Bu dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha da gücləndirilməsi, strateji planların müəyyən edilmiş yeni istiqamətlərinin praktiki reallaşması baxımından tarixi əhəmiyyət daşıyır.

Bu nüanslar Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın III iclasında da diqqətə çatdırıldı. Bəyan olunduğu kimi, son beş ildə qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə beş milyard dolları ötüb. Ümumilikdə, iqtisadiyyatların tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri paralel kursla inkişaf etdirilir.

Hökumətlərarası Komissiyanın iclası, Biznes Şurasının və Regionlar Forumunun toplantıları çərçivəsində müəyyən edilmiş prioritetlərə əsasən yeni layihə və proqramların icrası həm siyasi, həm də iqtisadi-investisiya əlaqələrini ən yüksək zirvəyə çatdıracaq.

Ticari mübadilənin hədəf göstəricisi mövcud rəqəmin bir neçə dəfə artırılaraq bir milyard dollara çatdırılmasıdır. Ticarət dövriyyəsinin 2030-cu ilədək bir milyard dollara çatdırılmasına dair Proqram sənədinin və investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planının (Yol Xəritəsi) təsdiqlənməsi qeyd edilən hədəflərə nail olmaq üçün mühüm hüquqi baza deməkdir.

Səmərəli və nəticəyönümlü maliyyə institutuna çevrilən Özbəkistan-Azərbaycan İnvestisiya Fondu dayanıqlı biznes mexanizmi kimi qısa müddətdə 500 milyon dollarlıq kapitalın 160 milyonu reallaşdırıb. Eləcə də, sənaye kooperasiyasının dərinləşdirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi, Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın yaradılması strateji məqsədlər kimi irəliləyir.

Zəngəzur dəhlizinin reallaşdırılması isə nəqliyyat ideyasının konseptual yanaşması olaraq Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi birləşdirməklə yanaşı, TRİPP layihəsinin Orta Dəhlizə inteqrasiyasını təmin edəcək, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarını vahid geosiyasi və geoiqtisadi blokda birləşdirəcək. Artıq bu istiqamətdə səylər genişlənir və vahid dəhlizə inteqrasiya etməklə beynəlxalq konsorsiumun yaradılması planlaşdırılır.

Daşkənd və Bakı regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələri kimi öz rollarını təmin edir, Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulmasından sonra iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlər açılıb.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra əməkdaşlığın coğrafiyası genişlənib. “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük və yenidən yaradılmış və kifayət qədər inteqrasiya olunmuş regionun inkişafı Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.

Azərbaycan və Özbəkistan BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təsisatlar çərçivəsində də müttəfiqlik dialoqunu gücləndirərək diplomatik fəaliyyətlərini ardıcıl şəkildə əlaqələndirirlər.

Səfərin ən tarixi anı və akkordu isə Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni, eləcə də Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif olunmalarıdır. Bu, qardaşlığa verilən yüksək dəyərin rəmzi, dövlətlərarası münasibətlərin parlaq təcəssümüdür.

Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana tarix səfəri, keçirilən görüşlər və aparılan fikir mübadilələri əbədi dostluq yolunda iki qardaş ölkənin davamlı inkişafı üçün yeni üfüqlər açacaq.

Ramid Namazov,

Milli Məclisin deputatı